Forpost Ermənistan yeni ziddiyyət burulğanına düşüb. Nikol Paşinyanın bir neçə ay əvvəl başlatdığı siyasi proses özünün daha kəskin intriqalarla dolu olan qarşıdurma mərhələsinə qədəm qoyub. İndi baş nazirlə parlament seçki və hökumətə başçı təyin etmək məsələsində yekdil qərara gələ bilmirlər. Vəziyyəti düzəltmək üçün hökumətlə əsas siyasi qüvvələr arasında aparılan danışıqlar da bir nəticə vermir. N.Paşinyan müzakirələrdən sonra jurnalistlərə deyib ki, “yeganə ortaq fikir ondan ibarətdir ki, heç bir ortaq fikrə gələ bilməmişik”. Bu cür vəziyyətin nə müddətə davam edəcəyi bilinmir. Lakin atıq ekspertlər bir sıra geosiyasi və siyasi proqnozlar verirlər. Onlar bütövlükdə Ermənistanın siyasi gələcəyini nikbin görmürlər. Konkret detallara gəldikdə isə meydana çoxlu sayda riskli və qeyri-müəyyən xarakterli faktorların çıxdığından bəhs edirlər. Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.
Erməni mərəzi: küçədən başlayan ziddiyyətlərin parlament səhifəsi açıldı
Ermənistan siyasi böhranın yeni mərhələsinə qədəm qoydu. İndi ekspertlər Paşinyan-parlament qarşıdurmasından danışırlar. Əslində, bir neçə ay bundan öncə belə bir vəziyyətin yaranacağı bəlli idi. N.Paşinyan hakimiyyətə elə tərzdə gəldi ki, bu “küləyin” erməni siyasi səhnəsində tufan qoparacağı aydın idi. Baxmayaraq ki, bir çox erməni, Rusiya və Qərb ekspertləri ağızdolusu “məxməri inqilab”dan danışırlar və mifik “erməni demokratik hərəkatı”nı uydururlar, orada real durum tamamilə başqa məzmunda və “rəngdədir”. Ermənistanda heç bir “məxməri” hadisə baş verməyib, orada müşahidə olunanların bir rəngi var: “qaragüruhçuluğun erməni forması!”
Hər nə isə indi N.Paşinyan öz küçə zorbalığını demokratik islahat mexanizmi kimi təqdim etməkdə, Respublika Partiyasının başçılıq etdiyi siyasi qüvvələr isə bunu təzyiq kimi qiymətləndirməkdədir. Ədalət naminə deyək ki, respublikaçılarla birlikdə “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun”un da daxil olduğu qruplaşma öz haqqını qorumağa çalışır. Doğrudur, daşnaklar N.Paşinyanın təzyiqi ilə hökumətdəki nümayəndələrini geri çağırdılar. Artıq altı nazirin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalanıb. Lakin problem daha dərində olan məqamlarla bağlıdır.
Məsələ həm parlamentə seçkilər mexanizmi, həm də baş naziri təyinetmə proseduru ilə əlaqəlidir. N.Paşinyan belə bir hiyləgər oyun qurmağa çalışır: o, baş nazir kimi istefa verir, lakin bu kreslonun özünün yenidən baş nazir kimi fəaliyyətə başlamasına qədər boş qalmasını tələb edir (məhz tələb edir, çünki bir etiraz olan kimi küçəyə qaçıb, ermənisayağı bağırır: “mənə təzyiq edirlər”). Eyni zamanda, N.Paşinyan deyir ki, o istefa verəndən iki həftə müddətində parlament baş nazir təyin etməsin ki, sonra parlament özünü buraxa bilsin. Bunun əvəzində N.Paşinyan yalnız öz meyarlarına uyğun “müstəqillik”, “demokratiya”, “insan haqları və azadlığı” düşüncəsinə malik olanlardan parlament “quraşdırmağı” planlayır. Və bunu açıq deyir.
Avtomatik olaraq buradan bir nəticə çıxır: N.Paşinyanın ağaları ona tapşırıblar ki, ciddi siyasi rəqiblərini sıradan çıxarsın ki, sonra rahatca fironluq edə bilsin. Bunun adına Qərbdə “demokratiya” deyirlər.
İndi biçarə erməni xalqı qalıb iki pisliyin arasında: bir tərəfdə xalqın bir qisminin özünün yaratdığı küçə qəhrəmanı N.Paşinyanın yeni siyasi ambisiyaları, digər tərəfdə isə S.Sarkisyanın uzun illərdir ki, uğurla formalaşdırdığı korrupsiya sistemini təmsil edən bir neçə siyasi qüvvə! Doğrudur, N.Paşinyanın çağırışı üzrə yenə də 10 minlərlə erməni meydanda bağırır ki, onlara demokratiya versinlər. N.Paşinyan isə baş nazirdən çox boşboğaz mitinq-meydan “qəhrəmanı” kimi meydanla parlamentin arasını ölçür. O, “xalq”ın tələblərini deputatlara çatdırır.
Bəs bu “lider” nə tələb edir? Meydan vasitəsilə deputatlara deyir ki, istefa verin, parlamenti buraxın və növbədənkənar seçki keçirilməsi üçün “legitim xalq hakimiyyətini” qoruyun. Parlamentarlar isə bunun əksinə qanun qəbul ediblər. Serj Sarkisyanın korrupsiyaçı deputatları təklif ediblər ki, kənar təsir olan situasiyada parlamentin qəbul etdiyi heç bir qanun keçərli sayılmasın. Yəni, bununla respublikaçılar Paşinyanın əsas silahını – hədə-qorxu yolu ilə siyasi məqsədə çatmaq niyyətinin qarşısını kəsirlər. Son məlumata görə, insanlar parlamenti blokadada saxlayırlar və 70 deputat “acından ölür”, onları evlərinə getməyə qoymurlar.
Regional kontekst: geosiyasi risklərin cilovlanması
Müşahidə edilən bu prosesin mümkün geosiyasi nəticələrini unutmaq olmaz. Məlumdur ki, indi region uğrunda Qərblə Rusiya arasında gərgin mübarizə gedir. Nikol Paşinyan Qərbin sifarişlərini yerinə yetirməkdə davam etsə, Moskva sərt müdaxilə edə bilər. Bunun hansı yolla edilməli olduğunu Kremldəki siyasi-hərbi texnoloqlar daha yaxşı bilirlər. Bizi maraqlandıran odur ki, Cənubi Qafqazda gərginliyi artıra biləcək bir təxribat həyata keçirilə bilər. Çünki Rusiyanın hadisələrə sərt şəkildə əl qoymasına bir “əsas” olmalıdır. Həmin variantda regionun geosiyasi taleyi necə olacaq? Məlum deyil. Çünki meydanda çoxlu sayda məchul faktorlar özünü göstərəcək ki, bu da risk faktorunu xeyli yüksəldir. Bu cür vəziyyətin həm regional əməkdaşlığa, həm təhlükəsizliyə, həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə zərəri az olmayacaq.
Geosiyasi baxımdan digər mənfi əlamət Cənubi Qafqazda, ümumiyyətlə, qeyri-müəyyənliyin artması ilə bağlıdır. Bu, regionun geosiyasi qütbləşməyə sürüklənməsi ilə izah olunur. Məsələ ondan ibarətdir ki, Gürcüstan NATO-ya can atır və geosiyasi seçimi birmənalı olaraq Qərbdir. Ermənistan da eyni yolu seçsə, bu, Kremlə açıq-aşkar xəbərdarlıqdır. Çünki meydana Rusiyanın hərbi təhlükəsizliyi məsələsi çıxır.
Onda Moskva mütləq hərbi vasitə ilə müdaxilə etmək məcburiyyətində qalacaq. Bununla yanaşı, Kremlin Cənubi Qafqazla bağlı planlarında ciddi dəyişikliklər meydana çıxa bilər. Kim təminat verə bilər ki, Rusiya yaranmış vəziyyətdən istifadə edib, bütövlükdə Cənubi Qafqaza əl qoymasın? Bu da təbii ki, digər geosiyasi oyunçuların cavab addımları atması ehtimalını yüksəldir. Deməli, regiona qeyri-müəyyənlik sirayət edə bilər.
Bəs Ermənistan siyasi dairələrində bütün bunları nəzərə almırlar? Belə görünür ki, İrəvanın hakimiyyət dəhlizlərində başqa narahatlıqlar vardır. Çünki siyasi qrupların hamısının başlıca məqsədinin hakimiyyət piroqundan daha çox pay götürməkdən ibarət olduğu daha aydın görünür. Bunun əsas səbəbi isə siyasi qrupların bir-birini hədələməsi, regional mənsubluğa görə toplaşması və qanunsuz əldə edilən sərvətin əldən verilməməsinə çalışılmasıdır. Deyək ki, Sarukyan topladığı milyonların hansısa Paşinyan tərəfindən batırılmasına razı olarmı? Əsla.
R.Koçaryan və tərəfdarları bilirlər ki, N.Paşinyan hakimiyyəti ələ keçirsə, onların yeri həbsxanadır. Eyni zamanda, Ermənistanda son 30 ildə gedən proseslərin bir miraj olduğunun təsdiqidir. Yəni erməni siyasətçilər və onların havadarları əsası olmadan demokratiyadan, müstəqil dövlət quruculuğundan və dünyaya inteqrasiyadan danışıblar. Onların hər biri “Günəş altında özünə rahat yer düzəltməklə” məşğul olub. Bu da erməni şüuruna öldürücü zərbədir. Çünki əsrlərdir ki, onlar yalançı amallar uğrunda min bir itkiyə məruz qalıblar. Onları başqaları deyil, öz siyasi liderləri fəlakətə sürükləyib.
Bəli, indi İrəvanın hakimiyyət dəhlizlərində bunları düşünənlər az deyil. O səbəbdən N.Paşinyan da güzəştə getməməyə çalışacaq. Hər iki tərəf yalnız özünü haqlı sayır və toqquşmağa hazırdırlar. Bu, silahlı formada olmaya da bilər. Əsas məsələ vassal Ermənistanda kimlərin söz sahibi olmasından ibarətdir. Məhz bu status naminə erməni siyasi dairələri çalxalanmaqda davam edəcək.
Beləliklə, bir neçə ay öncə N.Paşinyanın başlatdığı siyasi proses özünün daha ziddiyyətli mərhələsinə qədəm qoyur. Parlamentlə baş nazir arasında savaş real məzmun kəsb edib. Və bu prosesi hələlik prezident sakitcə izləyir. Onun əsas məqsədi də elə bundan ibarət idi. Armen Sarkisyan əsas rəqiblərinin savaşda bir-birini parçalamasını və ya zəiflətməsini gözləyir. Həmin mərhələ başa çatandan sonra prezident öz planını reallaşdırmağa girişə bilər. Orada isə N.Paşinyanı qane etməyən məqamlar vardır. Deməli, baş nazirin parlamentlə olan mübarizəsi dolayısı ilə həm də prezidentlə böyük savaşa hazırlıqdır. Əsas mübarizə növbəti mərhələdə gedəcək.
Bunlar onu göstərir ki, Ermənistanda siyasi böhran indiki ziddiyyət mərhələsində başa çata bilməz. O, sadəcə daha kəskin yeni mərhələnin formalaşması arenasıdır. Deməli, Cənubi Qafqazın digər dövlətləri hadisələrin bütün inkişaf ssenarilərinə hazır olmalıdırlar. Təcrübə göstərir ki, erməni geosiyasi “sürprizi” bütövlükdə regionu bataqlığa sürükləyir. Elə onsuz da hazırda Cənubi Qafqaz erməni şıltaqlığından boğaza yığılıb.
Newtimes.az