Baş konsul: Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir

143

Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev Los-Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan NUHÇIXAN-a bildiriblər ki, müsahibə “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur “Emmi” mükafatına namizəd olub.

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev bu gün ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırır. Baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini bildirib. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edib, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: