Futbol üzrə İspaniya çempionatının sonuncu turunun yekun oyununda “Barselona” doğma meydanda “Real Sosyedad” klubunu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Filip Koutinyo olub.
Digər oyunda “Real Madrid” klubu səfərdə “Vilyarreal” ilə qarşılaşıb. Oyunun 11-ci dəqiqəsində kral klubu hesabı açıb. Qaret Beyl adını tabloya yazdırıb – 0:1. Qarşılaşmanın 32-ci dəqiqəsində Kriştiano Ronaldo cari mövsümdə 26-cı dəfə fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 70-ci dəqiqəsində Roxer Martinezin qolu ilə hesab arasındakı fərqi azaldıblar – 1:2. Oyunun əsas vaxtına beş dəqiqə qalmış ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Künc zərbəsindən sonra Samuel Kastilexo dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub – 2:2. “Estadio de la Keramika” stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Beləliklə “Barselona” klubu çempionatın qızıl, “Atletiko Madrid” gümüş, “Real Madrid” isə bürünc medalını qazanıblar.
Turun digər oyunlarında nəticələr:
“Selta” – “Levante” – 4:2
“Leqanes” – “Real Betis” – 3:2
“Las Palmas” – “Girona” – 1:2
“Malaqa” – “Xetafe” – 0:1
“Sevilya” – “Alaves” -1:0
“Valensiya” – “Deportivo” – 2:1
“Atletiko Bilbao” – “Espanyol” – 0:1
“Atletiko Madrid” – ” Eybar” – 2:2.