Bakı-Tbilisi-Qars Azərbaycana böyük dividendlər gətirəcək

210

Özündə avtomobil yollarını, dəmir yolu nəqliyyatını, dəniz və hava yolu ilə daşınmaları birləşdirən nəqliyyat və logistika sahələri hər bir ölkənin iqtisadiyyatının inkişafının aparıcı istiqamətlərindən biri olub və olmaqdadır.

NUHÇIXAN xəbər verir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müdrik siyasəti sayəsində ölkəmiz də istisna təşkil etmir və başqa sahələrlə yanaşı, məhz nəqliyyat və logistikanı fəal inkişaf etdirir.

Şəksiz ki, Azərbaycanın çox əlverişli coğrafi mövqeyi barədə xüsusi danışılmalıdır. Bu, ölkəmizə artıq indinin özündə təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan iri nəqliyyat layihələrinin əhəmiyyətli iştirakçısı və təşəbbüskarı kimi çıxış etmək imkanı verir.

Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu cəsarətlə ötən illərin əsas nəqliyyat layihələrindən biri saymaq olar.

Xatırladaq ki, BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası Saziş əsasında yaradılıb. Gözlənildiyinə görə, ilkin mərhələdə bu marşrut üzrə yükdaşımalarının həcmi 6,5 milyon ton təşkil edəcək, habelə təqribən 1 milyon sərnişin daşınacaq.

2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, onun xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, habelə Taciskistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.

Bu yol çox böyük əhəmiyyət daşıyır, çünki Asiya və Avropanı Azərbaycan və digər tranzit ölkələr vasitəsilə ən qısa marşrutla birləşdirir. Bu yolla yüklər artıq daşınır və yükdaşımaların həcmi artacaq.

Bundan əlavə, İzmir limanının dəmir yolu vasitəsilə BTQ dəhlizi ilə birləşdiriləcəyi də istisna olunmur. Hazırda həmin layihə üzərində iş gedir. İzmir limanının BTQ ilə birləşdirilməsi Türkiyə ərazisindən yükdaşımalarının artmasına kömək edəcək.

Türkiyənin Qars şəhəri və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlanıb. Daha əvvəl bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

E.Özoralın sözlərinə görə, BTQ layihəsi çərçivəsində bu istiqamətdə işlər aparılır. O deyib: “Biz Qarsı logistika mərkəzi kimi nəzərdən keçiririk. Onun tikintisi üzrə işlər davam edir. İndi işlərin hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin, çox güman, yaxın iki ildə başa çatacaq. Hazırda BTQ layihəsinin davam etdirilməsi istiqamətində işlər aparılır. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”.

Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyəni Avropa ilə birləşdirdiyini bildirən səfir deyib: “Hazırda BTQ ilə Qazaxıstandan Mərsin limanına yüklər daşınır. Bəzi yüklər Rusiyadan Türkiyəyə və Avropaya göndərilir. Gələcəkdə yükdaşımalarının həcminin necə olacağını deməyə çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq”.

Azərbaycan üçün BTQ-dən gəlirin yeganə mənbəyi yükdaşımaları və tranzit deyildir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ötən ilin sonunda jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan və Türkiyə BTQ üçün vaqonları Sumqayıt Texnoloji Parkında birgə istehsal edə bilərlər. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq vaqonların yeni növlərinin istehsalı planlaşdırılır. Cavid Qurbanovun fikrincə, Sumqayıt Texnoloji Parkında vaqonların birgə istehsalına başlamaq olar. Onun sözlərinə görə, Avropa standartlarına cavab verəcək yeni vaqonlardan istər MDB, istərsə də Avropa ölkələrində istifadə etmək mümkün olacaq.

Bu o deməkdir ki, layihənin Azərbaycanda həyata keçirilməsi sayəsində BTQ-nin digər üstünlükləri ilə bərabər, birgə vaqon istehsalı da təşkil ediləcək, bu da daha bir mühüm layihənin inkişafını – texnoloji parkların və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

Cavid Qurbanov deyib ki, “Stadler Rail Group” şirkətinin istehsal etdiyi sərnişin vaqonları artıq 2019-cu ilin fevral-mart aylarında gətiriləcək. On vaqon gətirilən kimi, Bakı-Tbilisi-Qars sərnişin qatarı istifadəyə veriləcək.

Heç şübhəsiz, bu fakt ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək.

BTQ sərnişindaşımaları sahəsinə və turizm sektoruna birmənalı şəkildə təsir göstərəcək. ABŞ-ın nüfuzlu CNN kanalının Bakı-Tbilisi-Qars dəmir yolunu səyahətlər barədə təsəvvürləri dəyişdirə biləcək yeni dəmir yolu marşrutları sırasına daxil etməsi bunu bir daha təsdiq edir.

CNN saytında yerləşdirilən məqalədə deyilir: “Bu il dəmir yolu ilə səyahət həvəskarları üçün bütün dünyada açılan, iri şəhərləri birləşdirən və yolu qısaldan sürətli yeni marşrutlarla zəngin olan yaxşı ildir. Səyyahlar təyyarə ilə uçuşa alternativ axtarırlarmı, yoxsa sadəcə qatarda sürətlə getmək istəyirlərmi, fərqi yoxdur, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə açılıb. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yolun uzunluğu 826 kilometrdir. 2019-cu ildə BTQ yeni marşrut təqdim edəcək. CNN saytındakı materialda deyilir ki, bu marşrutla Bakı, habelə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında sərnişin daşınacaq.

Magistral yol üçün vaqonlar istehsal edən İsveçrənin ”Stadler Rail Management” şirkətinin məlumatına görə, qatarların maksimum hərəkət sürəti saatda 160 kilometrə bərabər olacaq.

Hazırda səyyahlar Bakı və Ankara arasındakı yolu bir neçə nəqliyyat vasitəsi dəyişərək 40 saata qət edirlər.

Yeni dəmir yolu xəttinə getdikcə daha çox ölkə maraq göstərir. Bu isə o deməkdir ki, “Bakı-Tbilisi-Qars” layihəsi gələcəkdə Azərbaycana böyük dividendlər gətirəcək və çox uğurlu olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: