Onu yol kənarında əkərlər ki, uzaq yol gedənlər yorulanda kölgəsində dincəlsinlər, acanlar barını dərib yesinlər…. onu həyətlərdə , qapı bacada əkərlər ki ,uşaqlar kölgəsində oynasınlar. Söhbət tut ağacından gedir, uşaqlıq xatirələrimizin ən xoş ünvanından…. Bəli, uşaq ikən tut ağacının kölgəsində məhəllə uşaqları ilə birgə çox oyunlar oynamışıq, meyvəsindən çox yemişik, tutun qol budaqlarından yapışıb tut yeməyimizi , əllərimizdə və üz gözümüzdə olan tut ləkələrini, ondan asılan ən yaxşı uşaq əyləncəsi olan yelləncəyi necə unuda bilərik?
Hər halda elə bir insan tapılmaz ki , tut ağacının yanından keçəndə onun kölgəsində dincəlib meyvəsindən dərməmiş olsun. Yol kənarlarında, bağlarda yaşıl yarpaqlar arasında özünəməxsus görünüşü ilə secilən ağ, qara, bənövşəyi tutlar hansı birimizin əlini özümüzdən asılı olmayaraq bir anlığa özünə çəkmir ki? Bu dadlı, min bir dərdin dərmanı olan meyvəni dərib iştahla yeyirk. Bir də tut ağacına baxanda qeyri ixtiyari olaraq uşaqlıq çağlarımız , tut ağacı ilə bağlı xatirələrimiz yada düşür.
Kölgəsində süfrə açdığımız, budaqları eyvanımızın pəncərələrini döyən tut ağacı…El oba yaddaşında tut ağacının , hardasa bir az da müqəddəsliyi var. Deyərlər ki “tut ağacını kəsmə qarğışı qalar , kəssən də səni kəsmirəm o taya aparıram de, inanacaq”, “ Ən dərin , şirin yuxu tut ağacının kölgəsindədi”, bir də deyərlər doşabı can dərmanıdı tutun. “ İgid oğullar üçün deyərlər ki, qolları əyilməz, elə bil gər tutdandı”. Gər tut meyvə verməz, onun meyvəsi əyilməzliyidi, ipək də məhz onun yarpağından olur.
Azərbaycanın milli meyvəsi səviyyəsindədir tut. Tutun həm meyvəsi, həm yarpağı, budağı , həm də oduncağı çox qiymətlidir. Tut ağacından mebellərin, məişət və bəzək əşyalarının hazırlanmasında geniş istifadə olunur. Ulu babalarımız qədimdə həm də su dəyirmanının unluğu, təhnəsi, xəlbirin və ələyin sağanağını da tut ağacından düzəldibər. Hər şeydən əvvəl saz və tar kimi milli musiqi alətlərimizin anasıdı tut ağacı. Sazın tellərində dil-dil ötəndi, tarın çanağı, qoludur… Tut uzunömürlü ağacdır, bu günə qədər qalan, yaşı yüz illərə çatan, qollu budaqlı tut ağacları bizə sanki tarix danışır .
Tut dərdlər dərmanı yaralar məlhəmidir
Tutun meyvəsi vitaminlərlə çox zəngindir, faydaları saymaqla bitmir, tərkibində küllü miqdarda üzvü maddələr olan bu qiymətli meyvə hələ qədimdən Muxtar Respublikamızın da hər yerində geniş becərilib. Əsasən may iyun aylarında yetişir, ağ tut, xar tut, dənəli tut, dana tut, bənövşəyi tut, qara tut növləri arasında ən gec yetişəni isə xar tutdur ki iyul avqust aylarında yeyilir. Ondan dadlı mürəbbə, xoşab (kompot) hazırlanır, eyni zamanda təzyiqin dərmanıdır.
Səhərlər ac qarına tut ağacının budaqlarını əyib, əl-ətəyində şirəyə dolan meyvələrini yeyən kəslər çətin ki mədə bağırsaq, qaraciyər xəstəliklərindən əziyyət çəksin. Tut belə xəstələrə çox rahatlıq gətirir. Həkimlər bildirirlər ki, tut yarpağından dəmlənən çay şəkər xəstələri üçün faydalıdır, qaraciyər ağrılarında qara tut, həzmi yaxşılaşdırmaq üçün isə tam yetişməmiş turş tut meyvələrini yemək məsləhətdir. Sümük və oynaq ağrılarından əziyyət çəkən adamlar tut yığılıb qıcqırdılmış çəlləyin içərisinə girərlərsə bu ağrılar kəskin şəkildə azalar. Tut cubuğunun qabığı soyulandan sonra ağ zoğları yaraların üzərinə qoyulanda tez vaxtda sağalır. Tutun yarpağını qaynadıb dişi qarqara edəndə diş ağrısı kəsir. Ağbirçək nənələrimiz tut yarpağını həm də şorabaların üzərinə qoyurlar ki, qoxunu çəksin. Naxçıvan ərazisində xanımlarımız tutun körpə yarpaqların dadlı dolma da bişirirlər. Bir çox yerlərdə ondan hətta kətə də bişirilir.
Tutun toplanması da maraqlıdır. Onu meyvəli budaqlarını silkələmək və ya budaqlarını ağacla çırpmaqla yığırlar. İlin, günün bu çağında tut çırpmaq da bir ayrı mərasimdir. Az qala evdəki bütün ailə üzvləri, qonum qonşular tut çırpımında iştirak edər, qollu biləkli bir oğlan uşağı tutun budaqlarını silkələdikcə yetişən tutlar qadınların dörd bir tərəfindən tutduğu süfrənin üzərinə, bir qədəri göy çəmənə düşür, bu mənzərə elə bil tut yağışını xatırladır… Tutdan doşab, mürəbbə bişirilir, spirtli içkilər hazırlanar.
Tut doşabı soyuqdəymə, qaraciyər xəstəliklərində əvəzsiz müalicə vasitəsidir. Tutu həm də qurudub il boyu quru meyvə kimi də istifadə edirlər. Yeri gəlmişkən deyək ki Ordubad rayonunda bu nemətlər daha çox hazırlanır. Bu gün Ordubad rayonunun bir sıra yaşayış məntəqələrində eləcə də Nüsnüs kəndində də tutdan dolanışığını təmin edən insanlar çoxdur. Bir vaxtlar bu kənddə də tut ağacları çörək ağacı olub. Kənd sakini Samirə Quliyeva bizimlə söhbətində vaxtilə baramaçılığın bu kənddə də insanların əsas məşğuliyyəti olmasından və tutdan hazırlanan nemətlərdən danışdı. Bildirdi ki Nüsnüs kəndində tutdan doşab, mürəbbə, xoşab , araq və tut qurusunu xanımlarımız bu gün də hazırlayırlar. Tutdan hazırlanan tut qurusu il boyu evlərimizdə çay süfrələrinin bəzəyidir. Bir vaxtlar, müharibənin çətin illərində tut qurusu və tut meyvəsi insanları aclığın girdabından xilas edib. Tut qurusu ilə içilən çay isə əvəzsiz nemətdir.
Bəsləsən atlas olar tut yarpağından …
Tut bitkisinin ən maraqlı cəhəti onun ipəkçilik sənayesində istifadə olunmasıdır. Qədim zamanlardan tutdan yalnız meyvəçilik deyil ipəkçilik məqsədilə də geniş istifadə edilib. Tarixi İpək Yolu üzərində yerləşən, Azərbaycan, bir vaxtlar həm də ipəkçilik ölkəsi kimi də tanınıb.. Tarixi qaynaqlarda və mənbələrdə də göstərilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə yayılıb. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər bölgələrimizdə inkişaf etdirilib. Beləliklə də, ipəkçilik əhalinin təsərrüfat məşğuliyyəti olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilib. Hər tut növündən də ipəkçilik sənayesində istifadə etmək iqtisadi cəhətdən səmərəli deyil. İpək qurdu yalnız tut yarpağı ilə bəslənir, ancaq hər tut yarpağından da ipəkqurdu qidalanmır, keyfiyyətli sap istehsal etmir. Hazırda ölkəmizdə bu sahədə ən çox becərilən kol tut və zərif tut növləridir. Son vaxtlar isə xarici ölkələrdən də ipəkçilik sənayesində istifadə olunan və yarpaq məhsuldarlığı yüksək olan tut ağacları da gətirilərək becərilir. Bütün bunlar isə bu sahənin inkişafına geniş imkanlar açır.
Tarixi mənbələrə nəzər salsaq görərik ki, Naxçıvanda da uzun illər hələ e.ə. 3-5 min il bundan əvvəl tut bitkisi becərilib. 1960-70-ci illərdə Muxtar Respublikamızda tut bitkisi xüsusilə baramaçılıqda geniş istifadə olunub və bu iri tut plantasiyalarının salınması ilə nəticələnib. Su arxları, yol kənarları, boş torpaq sahələrində tut bağları salınıb ki , onların da yarpaqları yığılıb baramaqurdunun yemlənməsində istifadə olunub. Vaxtilə barama, ipək Naxçıvanda da qiymətli sərvət olub. Hətta Ordubad rayonunda ipəkçilik fabriki də fəaliyyət göstərib. İllər uzunu Ordubad ipəyi dünya bazarlarında geniş şöhrət qazanıb ,neçə-neçə baxışda, sərgidə üstünlük əldə edib. Xeyirli, bərəkəti bilindikcə barama əhalinin gözündə daha da ucalıb: “Cənnət qurdları”, yaxud “qızıl qurdlar” kimi tanınan barama qurdlarına qayğı olub. Barama bəslənən otaqlar yad baxışdan, bədnəzərdən pünhan saxlanar, haram əlli, yalan dilli, adı bədnam adamlar ora yaxına buraxılmazdı. Baramaaçma günü isə əsl toy-bayramına çevrilərdi…
Bu gün də Muxtar Respublikamızda kənd təsərrüfatında hər sahədə olduğu kimi ipəkçiliyin də əvvəlki şöhrətinin qaytarılması üçün əməli tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda baramaçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub. 2016-cı ildə Naxçıvan Ordubad magistral yolunun Düylün kəndi ərazisində salınan hazırda göz oxşayan tut ağacları da dediklərimizə sübutdur. Naxçıvan Muxtar Respublikası Kənd təsərrüfatı Nazirliyinin də əməkdaşları tərəfindən da bu sahədə bir sıra işlər aparılmaqdadır. Baramaya, ipəkçiliyə göstərilən zəhmət isə heç vaxt hədər getməz. Məşhur el məsəlində də deyildiyi kimi:
Bəsləsən atlas olar, tut yarpağından.
Tut bağlarının salınması isə nəinki barama istehsalı üçün xammaldır, eyni zamanda təbiətin mühafizəsində, ekologiyanın təmiz olmasında, tarla qoruyucu meşə zolaqlarının salınmasında, şəhər və qəsəbələrin yaşıllaşdırılmasında, əkin sahələrinin küləkdən mühafizəsində böyük rolu vardır.
Bir sözlə bağların bəzəyi, illərin yadigarı tut ağacı təbiətin və ulu babalarıızın bizə bəxş etdiyi ən qiymətli sərvətdir.
Türkanə Əmoyeva
Naxçıvan Dövlət Radiosunun əməkdaşı