Babək qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib
Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirib. Rayonda sosial-iqtisadi inkişaf təmin olunub, tikinti-quruculuq işlərinin həcmi genişlənib, məskunlaşma artıb.
NUHÇIXAN xəbər verir ki, oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən sosial layihələrin davamı olaraq Babək rayonunda yeni yaşayış binasının istifadəyə verildiyini bildirib, bu münasibətlə sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi var. Bu da özünü həm insanların yaşayış şəraitinin və rifahının yaxşılaşmasında, həm də onların mənzil sahibi olmalarında göstərir.
Ali Məclisin Sədri deyib: Mənzil insan həyatında vacib amildir. Gənc yaşda müasir mənzil sahibi olmaq və rahat həyatı təmin etmək isə daha mühüm məsələdir. Muxtar respublikada bu sahədə həyata keçirilən layihələr gənc ailələrə göstərilən dövlət qayğısının ifadəsidir. Dövlət tərəfindən maliyyələşdirilən bu layihələrə ilk dəfə Naxçıvan şəhərində başlanılmış, Gənclər şəhərciyi tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın rayon mərkəzlərində – Babək, Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılmışdır. Dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif edilir. Əldə olunan vəsait isə digər yaşayış binalarının tikintisinə sərf olunur. Bu da gənclərimizin əlavə vaxt və vəsait itkisinə yol vermədən qısa müddətdə mənzil sahibi olmalarına şərait yaradır.
Ali Məclisin Sədri deyib: Gənclərin müasir və rahat mənzillərlə təmin olunması imkan verir ki, onlar öz potensiallarını işlərinə və ailələrinin möhkəmliyinə sərf etsinlər. Çünki cəmiyyətdə nikahların qorunması və möhkəmləndirilməsində mənzil amili xüsusi yer tutur. Həyata keçirilən bu layihələr ölkəmizin iqtisadi gücünün göstəricisidir. İqtisadi inkişaf, sabitlik və dövlət qayğısı olmadan bu tədbirləri həyata keçirmək mümkün olmaz. Bütün bunlar isə ölkəmizdə var. Dövlətimiz də mövcud imkanlardan istifadə edərək sosial sahənin inkişafını, xüsusilə də əhali üçün rahat yaşayış şəraitinin yaradılmasını diqqətdə saxlayır, gənc ailələr müasir mənzillərlə təmin olunurlar.
Ali Məclisin Sədri binanın gələcək sakinlərinə rahat və firavan həyat arzulayıb, bu işlərdə əməyi olanlara təşəkkür edib.
Qəsəbə sakini Vəli Əliyev çıxış edərək deyib ki, ötən dövrdə burada böyük quruculuq işləri aparılıb, 2 tam orta məktəb binası, uşaq bağçası, musiqi məktəbi, şahmat məktəbi, eləcə də Babək qəsəbəsində yerləşən bütün dövlət qurumları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Həmçinin yeni emal və istehsal müəssisələri fəaliyyətə başlayıb, iş yerləri açılıb, yollar abadlaşdırılıb, qəsəbə fasiləsiz elektrik enerjisi, təbii qaz, keyfiyyətli rabitə və sürətli internetlə təmin edilib. Hazırda yeni içməli su və kanalizasiya xətləri çəkilir. Bu gün Babək qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Yaradılan şəraitin nəticəsidir ki, məskunlaşma ilbəil artır. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yeni yaşayış binasının istifadəyə verilməsi də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.
Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan bina 28 mənzillidir. Mənzillərdən 7-si üçotaqlı, 21-i isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 97, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 69 kvadratmetrdir. Bütün mənzillər təmir olunaraq müasir kommunal məişət şəraiti yaradılıb, internet çəkilib, binada lift quraşdırılıb.
Binanın zirzəmisində xidmət sahələri yaradılıb, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə verilib. Həyətdə də abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.