Yurdumuzun saymaqla bitməyən, hər biri min bir dərdin dərmanı, hər biri bir damaq dadı olan bitkiləri bu ellərin tükənməz sərvəti, insanlara Tanrı tərəfindən bəxş olunan əvəzsiz nemətidir.
Bu nemətlər bir-birindən ləziz, bir-birindən faydalıdır. Bax elə hazırda yığılmalı, yeyilməli vaxtı olan, nadir bitkilərdən hesab edilən, trüf göbələyinin (xalq arasında “dombalan” adlanır) mövsümüdür.
Bu bitki haqqında çoxumuzun məlumatı ya çox az, ya da, ümumiyyətlə, yoxdur. Bu göbələk növü qiymətinə görə Avropada kürüdən sonra ikinci yerdədir. Kilosu 2000 avro dəyərindədir. Bəzilərimizin yaşadığı evlərdən 5-10 metr aralıda kiloqramlarla yığa biləcəyimiz bu bitkidən hazırlanan yemək dünyanın bir çox ölkələrində ən bahalı restoranların menyusunda yer alır. Bəziləri onu yemək üçün xeyli pul xərcləyir. Onu da deyək ki, həmin bahalı yemək xalis bu bitkidən ibarət olmur. Sadəcə, uyğun bir yeməyin üzərində bir dilim desert kimi qoyularaq müştərilərə təklif edilir. Həmin menyularla tanış olub o yeməyin həsrətində olan insanlardan fərqli olaraq Naxçıvanda bu bitkidən istənilən qədər toplayıb bazarlarımıza çıxaranların sayəsində hər kəs onu istədiyi qədər yeyə bilir.
Bu göbələk növü qumlu torpaqlarda toxumsuz və yarpaqsız əmələ gəlir. Yaz yağışlarından dərhal sonra quruyan qumlu torpaqlarda yaranan çatlar burada bu göbələk növünün yetişməsindən xəbər verir. Trüf göbələyinin bitdiyi yerlərdə həm də torpaq bir az qabarmış halda olur. Çox faydalı, bahalı və dəyərli hesab edilən bu göbələk ovalvarı, bir az uzunsov formada olur. Topraq altından çıxarılan bu bitkinin ən faydalısı yumru, sərt şəkildə olanlardır.
Şahbuz şəhərində yaşayan Malik Quliyev neçə illərdir ki, bu göbələk növünü yığıb satmaqla məşğuldur. Onun dediklərindən:
– Deyirlər ki, bu bitki 4-7 ildən bir olur, amma Şahbuzun möcüzəli təbiəti onun bəzən hər il belə, toplamasına imkan verir. Ötən il yox idi, ondan əvvəlki il isə istənilən qədər yığmaq olardı. Ümumiyyətlə, göbələyin bu növü yağıntı bol olan il daha çox olur. Bu yaz da hava yağışlı olduğundan müxtəlif növ göbələklər boldur.
Qeyd edək ki, trüf göbələyi Babək, Ordubad, Şərur, Kəngərli rayonları ilə yanaşı, Şahbuz rayonunun da aran ərazilərində – Şahbuz şəhərində, Türkeş, Şahbuzkənd, Sələsüz, Ayrınc kəndlərində qumlu torpaqlarda olur. Müsahibimiz bu mövsümdə Şahbuz şəhərinin yuxarı hissəsindəki qumlu torpaqlardan bu göbələkdən 30-40 kiloqram yığıb və münasib qiymətə satıb.
O deyir ki, bu il Culfa rayonundan bu bitkidən yığmaq üçün gələnlər çoxdur. Eşitmişdim ki, bu göbələk növü şəkər xəstəliyinin müalicəsində ən təsirli bitkidir. Bu haqda culfalılarla söhbət edəndə onlar dedilər ki, onu bişmiş yox, dilimləyib çiy şəkildə yemək qanda şəkərin miqdarını aşağı salmaqda əvəzsiz təsir göstərir.
Söhbətimizə Malikin atası – uzun illərdən bəri göbələk yığmaqla məşğul olan Yaşar əmi də qoşularaq deyir ki, trüf göbələyi şəkər xəstələyindən başqa, xolesterini də aşağı salır, bədəni qüvvətləndirir. Bu bitkinin nə qədər dəyərli olduğu barədə Məhəmməd Peyğəmbər belə deyib ki, o, cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası cinsindəndir, suyu da gözə şəfadır. Yaşar əmi bu göbələk növünün fərqli dadı və ətri ilə təbiət möcüzəsi olduğundan da danışır: – Torpağın bir qədər qabarmış hissəsinin ətrafını ehmalca təmizləyib onu tapanda sanki təbiət möcüzəsi ilə qarşılaşırsan. Naşı adamın tapa bilmədiyi bu bitki, həqiqətən, bənzərsizdir. Torpaqdan təzə çıxarılanda açıq qəhvəyi rəngdə olur, bir qədər qalandan sonra isə rəngi tündləşir. Qabığını soyanda, doğrayanda rəngi açıq çəhrayı, bişirəndə ağ olur. Bişiriləndə ətrafa bir cür, qurudulmuşundan isə başqa cür gözəl ətir yayılır. Dadından da doymaq olmur.
Yaşar əmi söhbətinə davam edərək dedi ki, bu yaxınlarda Malik çöldən bu bitkidən yığıb gətirmişdi. Evdə eynilə kartof kimi qızartmışdılar. Uşaqlar ləzzətlə, doyanadək yedilər.
Bu söhbəti dinləyərkən bu yerin yaşlı insanlarının tez-tez söylədikləri “Tanrı Naxçıvan torqağına fərqli bir səxavət göstərib” fikrini xəyalən təsdiqləyirəm. Düşünürəm ki, bizim uşaqlarımızın kartof qızartması kimi bol-bol yedikləri trüf göbələyi Avropanın bahalı restoranlarında desert kimi verilirsə, gözəl ətri olduğu üçün yeməklərə qarışdırılırsa, deməli, bizə nəsib etdiyi belə əvəzsiz nemətlərə görə yurdumuza minnətdar olmalıyıq. Bərəkətli torpağımızın, onun nemətlərinin qədrini bilib, təbiətimizin qoruyucusuna çevrilməli, bu gün bolluqla istifadə etdiyimiz bir-birindən faydalı bitkilərin “kökünə daş atmamalı”, gələcək nəsillər üçün qorunub saxlanılmasının qayğısına qalmalıyıq. Qiymətli bitkiləri muxtar respublikamıza gələn turistlərə tanıtmalı, restoranlarımızda yemək menyularına daxil etməklə onların öz ölkələrində baha olduğu üçün ala bilmədikləri bu nemətləri xeyli münasib qiymətə məhz Naxçıvanda dadmalarına şərait yaratmalıyıq. Bununla, onlarda Naxçıvanın gözəl təbiəti, dəyərli, zəngin qida məhsulları ilə ideal məkan olması fikrini formalaşdırmaqla, hər il istirahət üçün muxtar respublikamızı seçmələrinə nail ola bilərik.
Mətanət MƏMMƏDOVA