Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir

127

Hakimiyyətin mənbəyi xalqdır və bu amil özünü xalq-iqtidar birliyində təsdiq edir.

Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində daim xalqın dəstəyini hiss etdiyini vurğuladı və ona göstərilən etimada görə Azərbaycan xalqına təşəkkür etdi. Azərbaycan xalqı dövlətimizin başçısı İlham Əliyevi özünə alternativsiz lider olaraq qəbul edir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan xalqı aprelin 11-də Prezident İlham Əliyevə səs verməklə inkişafa, sabitliyə, təhlükəsizliyə, tərəqqiyə səs verdi. Bu, Azərbaycan xalqının iradəsinin bariz göstəricisidir. Verilən hər bir səs, göstərilən dəstək ötən 15 ildə görülən işlərə ən real qiymətdir. Bu illər ərzində Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı müstəqil siyasətlə lider dövlətə çevrilib. Əldə edilən hər bir nailiyyətin arxasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu siyasətin uğurlu davamı dayanır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bu məsələyə də toxunaraq bildirdi ki, o, Heydər Əliyev yoluna sadiq qalacaq. Onun yolu yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Bəhruz Quliyev bildirib ki, güclü dövlətin təməlində güclü iqtisadiyyat dayanır və iqtisadi potensialın artması vətəndaşların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Artıq Azərbaycan dünyada təşkilatçı və təşəbbüskar ölkə olaraq qəbul edilir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin önəmini həmin layihələrdə çoxsaylı ölkələrin iştirak etmək marağından görmək olar. İstər neft, istərsə də qeyri-neft sektorunda ölkəmiz liderlik mövqeyini qoruyub saxlayır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən hər bir layihə, nəticə etibarilə, ölkəmizin və xalqımızın inkişafı üçün prioritet olaraq götürülür. Ona görə də iqtisadi uğurlar öz ardıcıllığı ilə bilavasitə sosial sahəyə doğru yönəlir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, onun siyasətinin mərkəzində insan amili dayanır və bu baxımdan, Azərbaycanda sosial siyasət xalqın firavanlığı istiqamətində müəyyənləşdirilir. Prezident İlham Əliyevin imzaladığı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman bunun daha bir təsdiqidir. Xüsusilə vurğulamaq lazımdır ki, bu, Prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk sənəddir.

“Səs” Media Holdinqin rəhbəri Azərbaycanın apardığı müstəqil siyasət nəticəsində daha böyük uğurların əldə ediləcəyinə əmin olduğunu bildirib.

Ekspert açıqlamasında son günlər Ermənistanda baş verən xalq etirazına da toxunub və bildirib ki, ortadakı fərq göz önündədir. Ermənistanda xalq əli qana bulaşmış Serj Sarkisyan rejimindən canını qurtarmağa çalışır. Ermənistan Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində ötən illərdə həyata keçirilmiş və qarşıdakı illərdə reallaşdırılacaq bütün önəmli regional, beynəlxalq layihələrdən kənarda qalıb. Ermənistan dövləti və xalqı təcrid olunmuş vəziyyətdədir. Ermənistan dövlətimizin başçısının da vurğuladığı kimi, dalana dirənib. Azərbaycan Prezidenti nitqində də vurğuladı ki, Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verir.

“Ermənistandan fərqli olaraq Azərbaycanda isə sabitlik, inkişaf hökm sürür, hakimiyyət və xalq vəhdəti mövcuddur. Xalq-iqtidar birliyi kontekstində mövcud olan təhlükəsizlik və sabitlik Azərbaycanın liderlik mövqeyini bundan sonrakı illərdə də möhkəmləndirəcək. Müstəqil dövlətin əsas elementlərindən biri də məhz bu amildir”, – deyə B.Quliyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: