Bəhruz Kəngərli yaradıcılığında memarlıq abidələri
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında “Bəhruz Kəngərli yaradıcılığında memarlıq abidələrimiz” mövzusunda tədbir təşkil edilib. Tədbir Bəhruz Kəngərli muzeyində baş tutub.
Tədbirdə rəssamlıq sənətimizdə xüsusi rolu olan peşəkar dəzgah boyakarlığının banisi, Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin təsviri sənətimizdə tutduğu mövqedən danışılıb.
Sonra “Naxçıvan Muxtar Respublikası abidələr diyarıdır”, “Bəhruz Kəngərli Naxçıvanın tarixi-dini abidələrinin ən yaxşı təbliğatçısı kimi”, “Bəhruz Kəngərli yaradıcılığında memarlıq abidələri” mövzularında çıxışlar olub. Vurğulanıb ki, görkəmli rəssam “Möminə Xatın”, “Atabəylər türbəsi”, “Türbə”, “İmamzadə türbəsi” və onlarla digər əsərlərində memarlıq abidələrini təsvir etməklə sadəcə rəsm əsəri yaratmayıb. Eyni zamanda bir xalqın tarixini, mədəniyyətini də vəsf edib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Mədinə Rəhimli