Azı da zərərdir, çoxu da

248

Həyatımızda oksigendən sonra ikinci ən mühüm yeri su tutur. Belə ki, qida qəbul etmədən bir neçə həftə yaşaya bildiyimiz halda, su qəbul etmədən ancaq bir neçə gün yaşaya bilərək. Çünki orqanizmdəki suyun  10%-ni itirmək həyatımız üçün həyəcan siqnalı, 20%-ni itirmək isə həyatımızın sona çatması deməkdir.

Orqanizmimizdə meydana gələn bir çox xəstəliklərin mənbəyi də su çatışmazlığıdır. Məsələn, əgər  baş ağrısı, oynaq ağrısı, baş gicəllənməsi, diqqət dağılması, halsızlıq, yorğunluq və s. varsa, ilk növbədə “su istehlakını” nəzərdən keçirmək lazımdır. Eyni zamanda, böyrəklər kifayət qədər su qəbul etmədikdə normal fəaliyyət göstərmir. Buna görə də böyrəklərin vəzifəsini öz üzərinə götürən qaraciyər tam gücü ilə işləmir. Qaraciyərin vəzifələrindən biri də yığılmış yağları enerjiyə çevirməkdir. Ancaq suyu az içdikdə orqanizmdə yağların “yandırılma sürəti” azalır və nəticədə yandırılmamış yağlar orqanizmdə yığılmağa başlayır. Digər tərəfdən, kifayət qədər su qəbul etməmək orqanizmimizdə toksinlərin (yəni, zəhərli maddələrin) yığılması deməkdir.

Suyun ən böyük faydalarından biri də dərimiz üçün  əhəmiyyəti olmasıdır. Çünki dəridəki suyun (daha doğrusu rütubətin) qorunması ancaq su içməklə mümkündür.

 Nə qədər və necə su içək?

Orqanizmimiz normal şəraitdə tərləmə, tənəffüs və sidik ifrazı yolu ilə su itirir. Ona görə də itirilən bu suyu bərpa etmək lazım gəlir. Ehtiyacımız olan  suyun bir hissəsini qəbul etdiyimiz qidalardakı su ilə bərpa edirik. Qalan hissəsini isə digər “mayelərdən” qəbul etdiyimizi düşünürük. Halbuki qəhvə, çay, kola və s. kimi içkilər sidikqovucu olduğu üçün əslində su itirməmizə səbəb olur. Hazır meyvə sularının isə həm şəkəri, həm də boyası çoxdur. Bundan istehlak etmək isə artıq çəkiyə səbəb olmaq deməkdir. Bu isə o deməkdir ki, qəbul etdiyimiz heç bir maye suyun orqanizmdəki vəzifələrini yerinə yetirə bilmir. Ona görə də ən yaxşısı susuzluğumuzu başqa mayelərlə yox, su ilə aradan qaldırmaqdır. Ancaq bir məsələ də var ki, suyu az içmək nə qədər təhlükəlidirsə, çox içmək də bir o qədər təhlükəlidir. Çünki çox su içdikdə həm ehtiyac hiss etdiyimiz vitaminləri itirir, həm də böyrəklərimizi lazım olduğundan çox yoruruq. Gündəlik su ehtiyacımızı müəyyən edən əsas göstəricilərdən biri də susuzluq hissidir. Bəzi insanlar gündə bir-iki stəkan su içdikləri halda, bəziləri bir-iki litr və ya daha çox su içirlər. Bu isə o deməkdir ki, su orqanizmdən-orqanizmə fərqlilik göstərən bir ehtiyacdır. “Kifayət qədər su qəbul etdiyimizi necə müəyyən edə bilərik?” Bu sualın cavabının isə, ilk növbədə, sidiyin rəngi ilə bağlı olduğunu deyə bilərik.  Belə ki, əgər sidiyin rəngi açıqdırsa, deməli, kifayət qədər su qəbul edirsiniz. Yox, bunun əksi olan bir hal varsa, deməli, su istehlakınızı artırmalısınız. Digər tərəfdən, çox su içmək təhlükəli olduğu kimi, bir dəfəyə də çox su içmək təhlükəlidir. Əgər sizin də belə bir vərdişiniz varsa, böyrəklərinizin bir gün bu yükə davam gətirməyəcəyini unutmamalısınız. Ona görə də bir dəfəyə çox su içmək əvəzinə bir dəfəyə az su içməli və su ehtiyacınızı günün müxtəlif saatlarına yaymalısınız. Peyğəmbərimizin suyu üç nəfəsdə və oturaraq içməsi də bizim üçün ən gözəl örnəkdir. Suyu bu şəkildə içməyin hikmətini isə qısa da olsa, belə izah edə bilərik: mədəmizin forması biz ayaq üstə olanda fərqli, oturanda isə fərqlidir. Ona görə də ayaq üstə içilən su mədədə çox qalmadan onikibarmaq bağırsağa keçir. Halbuki oturaraq içdiyimiz su onikibarmaq bağırsaqdan əvvəl mədədə qalır. Mədə turşusu isə qarışdıqdan sonra zərərli maddələrdən təmizlənərək onikibarmaq bağırsağa keçir.

Turac Xudiyeva

rayon Mərkəzi Xəstəxanasının həkimi

“Oğuz yurdu” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: