“Azərxalça” qədim xalçaların elektron çeşnilərini hazırlayır

84

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) tarixi və orijinal Azərbaycan xalçalarının istehsalını uğurla davam etdirir.

Dünyada xalça istehsalçısı olan ölkələr arasında xalça çeşnilərinin elektron variantının hazırlanması ilk dəfə olaraq məhz, ölkəmizdə həyata keçirilir. Xalçaçı-rəssamlar tərəfindən hazırlanmış elektron çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılır. Daha çox dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir.

“Azərxalça”dan NUHÇIXAN-a məlumat verilib ki, indiyədək 600-dən çox xalça çeşnisi hazırlanıb və onların əsasında ASC-nin Füzuli, Şəmkir, Quba, Ağdam, İsmayıllı, Qəbələ, Xaçmaz, Tovuz, Ağstafa və Qazax filiallarında xalçalar toxunub.

Elektron xalça çeşniləri bəzi bədii-texniki xüsusiyyətlərə də malikdir. Məsələn, bir bölgəyə aid bir neçə klassik xalça əsasında yeni çeşnilərin hazırlanması daha mükəmməl və bədii-estetik keyfiyyətləri ilə seçilən sənət əsərləri yaradılmasına səbəb olur. Qədim çeşnilərdən istifadə olunaraq toxunan bəzi xalçalarda haşiyə zolaqları və fon rəngləri dəyişdirilir ki, bu da xalçanın daha gözəl görünüşə malik olmasına imkan verir.

Qeyd edək ki, çeşni – xalçanın layihəsi, kağız üzərində eskizidir. Tarixən Azərbaycan qadınları xalçaları eskizsiz, genetik yaddaş əsasında, bir-birindən öyrənərək və əlavələr edərək toxuyublar. Azərbaycan xalçalarının bədii cəhətdən bu qədər zənginliyi də məhz onun fərdi və orijinal yaradıcılıq məhsulu olmasının nəticəsidir. XX əsrin əvvəllərindən etibarən elmi-texniki tərəqqi xalçaçılığa da öz təsirini göstərib, qədim xalça kompozisiyaları xalçaçı-rəssamlar tərəfindən damalı kağızlar üzərinə köçürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: