Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər

207

Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. “İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə keçirilən aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub.

İctimai Birlikdən NUHÇIXAN-a bildiriblər ki, aksiya iştirakçıları olan gənclər Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət”, “Girovlarımızı azad et”, “Torpaqlarımızdan geri çəkil” kimi şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsinə məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. F.Şahbazlı vurğulayıb ki, öz ata-babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir erməni girovluğundadır və ağır işgəncələrə məruz qalırlar.

Birlik sədri eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olub: “Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur. Biz dünya ictimaiyyətindən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə etiraz etməsini tələb edirik”.

Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın yeni baş naziri təxribatçı xislətli Nikol Paşinyanın son sərsəmləmələri bir daha sübut etdi ki, terrorçuluq və işğalçılıq Ermənistanda dövlət siyasətidir: “Azərbaycanın güclü və qüdrətli ordusu var. Biz azərbaycanlı gənclər daim Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik”.

Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov isə bildirib ki, Ermənistanın təcavüzkar, mülki şəxslərə qarşı həyata keçirdiyi insanlığa sığmayan siyasətinə etiraz olaraq Avropada müxtəlif istiqamətli aksiyalar davam etdiriləcək.

Polşa polisi Ermənistan səfirliyinin çağırışı ilə aksiyanın qarşısını almağa gəlsə də, polislərə aksiyanın məqsədi, Ermənistanın mülki şəxslərə qarşı etdiyi vəhşiliklər, Xocalı soyqırımı barəsində məlumat verildikdən sonra onlar aksiyanın baş tutmasına mane olmayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: