Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi – 3 sentyabr 1991-ci il

314

Xalq ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdikdən sonra Azərbaycan qısa zamanda demokratik prinsiplərə sadiq bir dövlət kimi sürətlə inkişaf etməyə başladı və on il ərzində dünya birliyinə inteqrasiya yolunda böyük nailiyyətlər qazandı.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən “3 sentyabr 1991-ci il: Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi” adlı konfransda səsləndirilib.

Konfransda Zeyvə kənd ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Rəhimov “Naxçıvanda Heydər Əliyev ideyalarının təntənəsi”, rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədov “Naxçıvan təhsili sürətli inkişaf yolundadır”, Statistika İdarəsinin rəisi Ramiz Rəsulov “Şərurun bugünkü inkişafı Heydər Əliyev ideyalarına söykənir”, Kürçülü kənd tam orta məktəbinin direktoru Zülfiyyə Məmmədova “Naxçıvanın xarici-iqtisadi əlaqələrinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə qeyd olunub ki, görkəmli dövlət xadimi xalqının ən ağır günlərində onun yanında olmaq üçün 1990-cı il iyulun 22-də doğma yurdu Naxçıvana gəldi. Həmin vaxt muxtar respublika son dərəcə ağır şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat iflic olmuş, əhalinin maddi durumu dözülməz həddə çatmışdı. Digər tərəfdən, bədnam ermənilərin aramsız hücumları və o zamankı Azərbaycan rəhbərliyinin hər tərəfdən yolu bağlanmış Naxçıvana ögey münasibəti vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda Ulu Öndərin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrildi, xalq onun timsalında böyük xilaskarını tapdı. Təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi üç il ərzində həm də Azərbaycanın müstəqil, demokratik, dünyəvi dövlət kimi güclənməsi, inkişaf etməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən qərarlar qəbul etdi. Beləliklə, 1990-1993-cü illər tarixə Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü kimi daxil oldu.

Vurğulanıb ki, Ali Məclisin Ulu Öndərin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Bundan əlavə, Naxçıvan SSRİ-nin saxlanması barədə keçirilən referendumdan imtina etdi, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. Bundan başqa, ilk milli sərhəd dəstələri yaradıldı, keçmiş sovet ordusu onlara məxsus silah-sursatın Naxçıvanda saxlanması şərti ilə muxtar respublika ərazisini tərk etdi. Həmçinin milli şüurun dirçəlməsi istiqamətində ən zəruri addımlar atıldı, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edildi.

Ümumiyyətlə, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Ümummilli Liderimizin quruculuq fəaliyyəti qırmızı xətlə keçir.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlanmasının mühüm əlamətlərindən biri də 1992-ci il noyabrın 21-də Ümummilli Liderin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Bu partiya qısa vaxtda dövrün siyasi hərəkatında fəal nümunə və təsir gücünə malik olduğunu sübut etdi.

Bildirilib ki, bu gün dahi şəxsiyyətin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində respublikamız bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır. Bu gün böyük qürur hissi keçiririk ki, Ulu Öndərin Naxçıvanın dünəni, bu günü və daha xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi strategiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla reallaşdırılır. 1995-ci ildən başlanan ardıcıl və məqsədyönlü siyasət nəticəsində muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurlar artıq xarici bazarlardan asılılığı minimuma endirib. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində hər il minlərlə yeni iş yeri yaradılır, ərzaq və qeyri-ərzaq məhsullarına, inşaat materiallarına olan tələbat yerli istehsal hesabına təmin edilir. Ümumtəhsil məktəblərinin şəbəkəsi yeni istifadəyə verilən obyektlər hesabına ildən-ilə genişlənir. Sevindirici nəticələrdən biri də budur ki, əhalinin artımında və məskunlaşmasında hər il yüksək rəqəmlər qeydə alınır. Bütün bunlar əsası 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadimi tərəfindən Naxçıvanda qoyulan uzaqgörən siyasətin nəticəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: