Azərbaycanın müdafiə naziri NATO-nun toplantısında iştirak edib

205

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantıda iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

General-polkovnik Zakir Həsənov iclasda çıxış edərək Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək barədə ətraflı məlumat verib. Müdafiə naziri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə də töhfə verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: