Azərbaycanın iki güləşçisi Moskvada hərbçilər arasında dünya çempionatında gümüş medal qazanıb

93

Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında daha iki gümüş medal əldə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, mayın 18-də güləşin yunan-Roma növü üzrə 60 kiloqram çəki dərəcəsində final qarşılaşması keçirilib. Qızıl medal uğrunda keçirilən görüşdə Azərbaycan təmsilçisi Murad Məmmədov Rusiya güləşçisi Canpolad Lokayevə məğlub olaraq gümüş medalla kifayətlənib.

Yetmiş iki kiloqram çəki dərəcəsində isə digər idmançımız Ülvi Qənizadə finalda Rusiya güləşçisi Adam Kurakla qarşılaşıb. Gərgin keçən mübarizədə Ü.Qənizadə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yetmiş yeddi kiloqram çəki dərəcəsində MOİK-in nümayəndəsi Həsən Əliyev macar idmançı D.Tollar (5:3), iranlı S.Afifi (10:1) və Finlandiya güləşçisi T.Halmesmyaki (5:0) üzərində inamlı qələbə qazanaraq finala çıxıb.

Səksən iki kiloqram çəki dərəcəsində idmançımız Rafiq Hüseynov isveçrəli F.Dietsşe üzərində təmiz qələbə qazandıqdan sonra belaruslu A.Saxnona 8:0 hesabı ilə qalib gələrək onu yarışlardan kənarlaşdırıb. Yarımfinal görüşündə R.Hüseynov rusiyalı idmançı E.Şarafuddinova (2:1) məğlub olaraq yarışlarda mübarizəni üçüncü yer uğrunda davam etdirəcək.

Səksən yeddi kiloqram çəki dərəcəsində güləşçimiz İslam Abbasov əvvəlcə Braziliya idmançısı R.Santyaqoya 9:0, sonra isə Çin təmsilçisi X.Yaona 13:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı rəqibi S.Kodzokova 5:2 hesabı ilə məğlub olan həmyerlimiz mübarizəni üçüncü yer uğrunda davam etdirəcək.

Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında komandamız bir qızıl, üç gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə, 8 medal qazanıb.

Qeyd edək ki, çempionat mayın 20-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: