Azərbaycanda yeni qurum yaradılıb - FƏRMAN

523

Prezident İlham Əliyev Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılsın.

Müəyyən edilir ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

– Agentliyin nizamnaməsinin və strukturunun təsdiqi;
– Agentliyin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
– Agentliyin icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
– Agentliyin yenidən təşkili və ləğv edilməsi;

Nazirliyə:

– Yuxarıda qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.

Nazirliyə tapşırılıb ki, Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; bu fərmanda göstərilən fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; Agentliyin yaradılmasından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etmək; hər il dövlət büdcəsi tərtib edilərkən Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər bu fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin edəcəklər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: