Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək

196

Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçiriləcək. Oktyabrın 8-dən 12-dək davam edəcək festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov deyib: “Bu gün milli-mənəvi dəyərlərin qorunub saxlanması, onların gələcək nəsillərə ötürülməsi, həmçinin bu dəyərlərin dünya mədəniyyət irsində təbliğ olunması istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlər əvəzsizdir. Məhz Azərbaycan xalq mahnılarından ibarət festival keçirməkdə məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəslə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim etməkdir”.

O bildirib ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səsləndirilməsi nəzərdə tutulur. Düşünürəm ki, xalq mahnıları layihəsi musiqimizə yeni töhfə olacaq.

Festivalın sonuncu günü Əməkdar Artist, vokalçı Ramil Qasımov xalq mahnılarının Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.

Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: