Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyini təqdim edib

70

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə YUNESKO-nun mənzil qərargahında ölkəmizin təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə namizədliyi ilə bağlı təqdimat mərasimi təşkil edilib.

NUHÇIXAN-ın məlumatına görə,YUNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov tədbiri giriş sözü ilə açaraq, ölkəmizin bu təşkilatla ilə əməkdaşlığından danışıb.

Səfir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşkilatla ölkəmiz arasında əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasında xüsusi rolunu vurğulayıb.

Qeyd edib ki, ölkəmiz YUNESKO-nun bir sıra qurumlarında üzv qismində fəal iştirak edir və Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçiləcəyi təqdirdə qeyri-maddi mədəni irsin qorunması sahəsində öz təcrübəsini bölüşməyə və komitənin səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına qoşulduğu gündən onun həm milli, həm də beynəlxalq səviyyədə effektiv icrası istiqamətində fəal iş apardığını bildirib. O, ölkəmizdə bu sahədə həyata keçirilmiş işlər haqqında məlumat verib. Qeyd edib ki, 8 milli və 3 çoxtərəfli nominasiya ölkəmiz tərəfindən Qeyri-maddi mədəni irsin qorunması üzrə Siyahıya daxil edilib və dünya mədəniyyətinin bir parçası kimi beynəlxalq səviyyədə tanınıb.

Nazir müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi töhfələrdən söz açıb. 2010-2014-cü illərdə Azərbaycanın bu Komitəyə üzv olduğunu xatırladan Sevda Məmmədəliyeva ölkəmizin üzvlük dövründə səmərəli fəaliyyətini diqqətə çatdırıb. Azərbaycanın 2013-cü ildə sözügedən Komitəyə sədrlik etdiyini, eləcə də onun sessiyasının Bakıda uğurla keçirildiyini vurğulayıb.

Qeyri-maddi mədəni irsin qorunması sahəsində milli ekspertimiz Cahangir Səlimxanov öz növbəsində deyib ki, 2010-2014-cü illərdə Komitəyə üzvlüyü müddətində ölkəmizin bu sahədə zəngin təcrübə əldə edib. Komitəyə üzv seçiləcəyi təqdirdə ölkəmiz öz təcrübəsini bölüşərək Komitənin fəaliyyətinə mühüm töhfə verməyə hazırdır. O, ölkəmizin əsas prioritetləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə namizədliyi ilə bağlı video nümayiş etdirilib və müvafiq broşürlər paylanılıb.

Sonda iştirakçılar Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahına daxil edilmiş milli mətbəximizin təamlarına qonaq edilib.

Qeyd edək ki, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə seçkilər cari ilin 4-6 iyun tarixində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: