Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Argentina Milli Konqresində sərgi açılıb
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbirlər silsiləsi çərçivəsində Argentina Milli Konqresinin binasında “Bakı argentinalı fotoqrafın gözü ilə” mövzusunda sərgi təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən səfir Rəşad Aslanov 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyimiz baxımından önəmindən bəhs edib, Cümhuriyyətin mövcud olduğu 23 aylıq qısa dövrdə fəaliyyəti barədə qonaqlara məlumat verib.
Cari ilin həm də Azərbaycan və Argentina arasında diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlamətdar olduğunu deyən diplomat ikitərəfli münasibətlərin inkişafından və perspektivlərindən bəhs edib.
Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri Hektor Olivares Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ikitərəfli diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı təbriklərini çatdırıb, sərginin argentinalılara klassik Şərq mədəniyyəti ilə müasir Avropa sivilizasiyasının simvoluna çevrilən Bakı ilə daha yaxından tanış olmağa fürsət yaratdığını bildirib.
Sərgidə Bakıda səfərdə olmuş argentinalı fotoqraf Daniel Maquezin çəkdiyi şəkillər nümayiş etdirilib. Həmçinin Azərbaycanın Əməkdar artistləri Viktoriya Şahmuradova və Ceyhun Qubadovun ifasında Azərbaycan milli rəqsləri təqdim edilib.