Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bağlı elmi konfrans keçirilib

155

Nuhcixan.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Naxçıvan diyarı Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyü” mövzusunda keçirilən konfransı giriş sözü ilə bölmənin sədri akademik İsmayıl Hacıyev açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər Planına əsasən təhsil və mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilib. Bununla yanaşı, may ayında yubiley tədbirinin, ümumtəhsil məktəbləri üçün akademiyanın Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda interaktiv dərsin keçirilməsi, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalın bir nömrəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulub. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, Azərbaycan dilini dövlət dili elan edib, ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib, sosial və iqtisadi sahələrin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçilik ənənələri ümummilli liderimiz Heydər Əliyev tərəfindən uğurla həyata keçirilib. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub, milli atributların qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılıb. Bununla yanaşı, ümummilli lider Heydər Əliyev muxtar respublikada ilk dəfə olaraq milli ordunu yaratmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə başlanan ordu quruculuğu missiyasını bərpa edib.

Diqqətə çatdırılıb ki, Naxçıvanın tarixi taleyində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi rolu və yeri vardır. 1918-1920-ci illərdə Naxçıan daim cümhuriyyət rəhbərlərinin diqqət mərkəzində olub, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində zəruri tədbirlər görüblər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunu əldə etməsində mühüm rol oynayıb. Çox təəssüf ki, müstəqillik illərinə qədər tariximizin 1918-1920-ci illəri, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti – Naxçıvan məsələləri lazımi səviyyədə elmi tədqiqata cəlb olunmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında akademiyanın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvanın yeri məsələsi ilə bağlı araşdırmalar aparılıb, 2010-cu ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunub, muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda keçirilən elmi konfrans da “Azərbaycan Xalq Cümhuriyyəti – Naxçıvan məsələlərinin tədqiqi sahəsində görülən işlərin davamıdır.

Konfransda AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, Vəli Baxşəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan Müsəlman Milli Komitəsinin fəaliyyəti”, AMEA Naxçıvan Bölməsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qafqazda geosiyasi rəqabətlər və onun Naxçıvana təsiri”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvanlı hərbçilərin Naxçıvan diyarının müdafiəsində və Araz-Türk Respublikası hökumətinin fəaliyyətində iştirakı”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında yerli əhalinin rolu” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə regionda baş verən ictimai-siyasi proseslər Naxçıvana da təsirsiz ötüşməyib, mənfur ermənilərin öz havadarlarının köməyinə arxalanaraq Naxçıvana qarşı işğal hücumları davamlı xarakter alıb. Lakin Naxçıvan əhalisinin həmrəyliyi, qətiyyəti, yüksək vətənpərvərliyi sayəsində qədim diyarımızın ərazi bütövlüyü qorunub saxlanılmış, düşmənə layiqli cavab verilib.

Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev yekun vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: