Azərbaycan və İran gömrük xidmətləri arasında işçi görüş keçirilib

719

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirlinin NUHÇIXAN-a verdiyi məlumata görə, iki ölkənin gömrük xidməti nümayəndələri əvvəlcə  İran İslam Respublikasının Culfa şəhərində bir araya gəliblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İran İslam Respublikasının Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari və digər rəsmi şəxslərin iştirak etdiyi işçi görüşdə ölkələrimiz arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Tərəflər Azərbaycan və İran gömrükçüləri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini vurğulayıblar.

Görüşdə iki ölkənin gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə dair reallaşdırılan ilkin məlumat mübadiləsinin pilot layihəsinin tam şəkildə həyata keçirilməsi üçün müzakirələr aparılıb, qaçaqmalçılıqla mübarizə və tranzit məsələləri müzakirə olunub.

Azərbaycan tərəfinin İran gömrüyündə “bir pəncərə” prinsipinin tətbiqinə dair irəli sürdüyü təklif qəbul edilib. “Bir pəncərə” prinsipinin tətbiqində Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin öyrənilməsi və dəstək göstərilməsi razılaşdırılıb.

Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş daha sonra Naxçıvan şəhərində davam etdirilib.

Nümayəndə heyətləri əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini yad ediblər.

Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndə heyətləri arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən görüşdə gündəlikdə duran məsələlərin yekun müzakirəsi aparılıb. Tərəflər bu ilin mayından etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunub, hər iki dövlətin ərazisindən keçən tranzit daşımalarının artırılması, iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan müvafiq addımların əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verdiyini vurğulayıblar.

Nümayəndə heyətləri bütün məsələlərin araşdırılması və təhlil olunması məqsədilə İşçi Qrup yaradıblar.

Görüşün sonunda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük Administrasiyası arasında 2018-2019-cu illər üçün gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” və Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüşün Protokolu imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: