Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Səbuhi Əhmədov, Emin Məmmədov və Nurəngiz Qarayevanın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albomu nəşr edilib.
Milli Azərbaycan Tarixi Muzeyindən NUHÇIXAN-a bildiriblər ki, kitab-albomda muzeyin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilib. Həmin nümunələrin bir qismi XX əsrin 20-80-ci illərində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı tapılıb. Onların arasında müvafiq elmi-tədqiqat müəssisələrinin apardığı arxeoloji axtarışlar zamanı tapılmış nümunələr də yer alıb.
Nəşrə, eyni zamanda, Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və ölkəmizin digər bölgələrində tapılmış müxtəlif silah növləri (qılınclar, xəncərlər, bıçaqlar, döyüş yabaları, nizə, ox ucluqları, baltalar və s.) haqqında məlumatlar daxil edilib. Bu silahlar daş, metal, sümük və gil tərkiblidir. Onlardan qədim Daş dövründən orta əsrlərədək böyük bir zaman kəsiyində istifadə olunub.
Kitab-albom tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Əvvəlki xəbər
Digər xəbərlər