Azərbaycan Rumıniyanın Cənubi Qafqazda yeganə strateji tərəfdaşıdır - Nazir

49
Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor Meleşkanu deyib.
Avropa İttifaqı üzvləri arasında ilk dəfə Rumıniyanın 2009-cu ildə Azərbaycanla strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamə imzaladığını söyləyən nazir ölkəmizin Rumıniyanın Cənubi Qafqazda yeganə strateji tərəfdaşı olaraq qaldığını bəyan edib: “Bu, əlaqələrimizin etibarlılığının və dostluğumuzun mükəmməl göstəricisidir. Azərbaycan regionda Rumıniyanın ən böyük ticarət və iqtisadi tərəfdaşıdır, enerji və nəqliyyat kimi strateji sahələrdə əsas partnyorudur. Biz enerji, əlaqələndirmə, ticarət və təhsil sahələrində sıx işləyirik. Eyni zamanda, multikulturalizm, tolerantlıq kimi birgə dəyərləri paylaşırıq. Beynəlxalq aləmdə Rumıniya Azərbaycanın Avropa İttifaqı, eləcə də NATO ilə əlaqələrinin inkişafını dəstəkləyir. Əminəm ki, Azərbaycanın yeni hökuməti ilə əməkdaşlığımız bizim ikitərəfli və çoxtərəfli gündəliyimizi zənginləşdirəcək”.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələri ətraflı şərh edən Teodor Meleşkanu ticarətdə çox müsbət tendensiyanın müşahidə edildiyini vurğulayıb. Ötən il ticarət dövriyyəsinin 400 milyon dollara çatdığını bildirən Rumıniyanın xarici siyasət idarəsinin rəhbəri ölkələrimizin hələ bir çox istifadə edilməmiş potensialının olduğunu qeyd edib: “Rumıniyanın dinamik və saxələndirilmiş iqtisadiyyatı var. Azərbaycan iqtisadiyyatın inkişafı və şaxələndirilməsi üçün addımlar atır. 2016-cı ilin dekabrında ölkənizdə 11 Strateji Yol Xəritəsi prioritetlərinə başlanıldı. Bu, Azərbaycanda investisiya yatırmaq, eləcə də ticarət etmək istəyən Rumıniya şirkətləri üçün əlavə imkanlar yarada bilər. Azərbaycan və Rumıniya güclü rəqabətlilik mövqeyi olan sahələrdə yeni layihələr reallaşdırmaqla iqtisadiyyatlarını tamamlaya bilər. Bizim coğrafi mövqeyimiz, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizimiz əlaqələndirmə sahəsində geniş imkanlar yaradır. Azərbaycanlı tərəfdaşlarımız ilə birgə Xəzərdə və Qara dənizdə yük dəhlizinin inkişaf etdirilməsi üzərində işləyirik. Ümid edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya bu işdə uğura nail olacaq. Bu mənada biz Azərbaycana inanırıq”.
Yeni məhsul, xidmət, tərəfdaşlar tapmaq üçün şirkətlərə göstərilən dəstəyin artırılmasının vacibliyinə toxunan Teodor Meleşkanu deyib ki, bu müsbət faktorları konkret layihələrə çevirmək üçün daha sıx işləməliyik: “SOCAR bu mənada yaxşı platformanı təmsil edir və ruhlandırıcı nümunədir. SOCAR Rumıniyada uzun müddətdir uğurlu fəaliyyət göstərir və bizim ölkəmizdə tanınmış, etimad qazanmış brenddir. Şirkət insanlara iş imkanları yaradır və lazımlı investisiya qoyur. Bu uğur hekayəsinin dərinləşməkdə davam etməsini səbirsizliklə gözləyirik. Enerji bizim ikitərəfli əməkdaşlığımızın əsas komponentidir. Ölkələrimiz enerji təhlükəsizliyi və şaxələndirilməsi bazarında eyni mövqeyi paylaşır. Eyni zamanda, regional tərəfdaşlarımızla “Agri LNG” interkonnektorunu inkişaf etdirmək üçün işləyirik. Transgaz və SOCAR bu layihənin irəliləməsi üçün əsas yolları müəyyənləşdirmək məqsədilə birgə çalışır”.
Buxarestdə keçiriləcək Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının beşinci iclası barədə fikirlərini bölüşən nazir deyib: “Birgə Komissiya hökumətlərarası dialoq və ümumi iqtisadi əməkdaşlığın prioritetlərini və perspektivlərini müəyyənləşdirən əsas vasitə, birgə layihələrimizə yaşıl işıq yandıra biləcək yeganə ən mühüm forumdur. Bu, şirkətlər və biznes nümayəndələri üçün görüşmək, əlaqələrin dairəsini genişləndirmək üçün imkandır. Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forum da təşkil olunacaq. İclas, həmçinin iqtisadi sahədə ümumi layihələrin daha da inkişaf etdirilməsinə hər iki hökumətin güclü siyasi dəstəyini nümayiş etdirəcək”.
Regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açan xarici işlər naziri Bakı-Tiflis-Qars dəmir yolunun Şərq-Qərb dəhlizində vacib əlaqələndirmə olduğunu bildirib. Qeyd edib ki, bu, regional əlaqənin gücləndirilməsinə mühüm töhfədir. “Layihənin Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionunun yeni nəqliyyat marşrutunun inkişafına müsbət, artıq hiss olunan təsiri var. Azərbaycan Şərq-Qərb dəhlizində açar rolunu oynayır və bunu Rumıniyaya da aid etmək olar. Bizim Qara dəniz sahilində mühüm Konstansa limanımız var. Biz də Dunay çayı ilə Mərkəzi Avropa boyunca yaxşı nəqliyyat əlaqələndirməsi təmin edə bilərik. Mən bir daha Xəzər dənizi ilə Qara Dəniz arasında Yük Daşımaları Dəhlizi təşəbbüsünün inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamaq istərdim. Rumıniya və Azərbaycan, həmçinin Gürcüstan və Türkmənistanla da sıx işləyir”, – deyə xarici işlər naziri əlavə edib.
Rumıniya ölkəmizin Avropanın enerji tələbatının təminindəki rolunu dəyərləndirir və buna böyük əhəmiyyət verir. Bu barədə danışan Teodor Meleşkanu Azərbaycanın birbaşa və mühüm dəstəyi sayəsində inkişaf etdirilən nəqliyyat marşrutlarının və qaz resursları nəqlinin şaxələndirilməsi ilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin artırılmasında düzgün seçim olduğunu vurğulayıb: “Rumıniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında təmsil olunması bizim bu strateji layihəyə verdiyimiz diqqətin təcəssümüdür. “Cənub Qaz Dəhlizi” layihəsinin tamamlanması ilə yeni imkanlar əldə etmək mümkün olacaq və regional layihələr əlaqələndirmənin daha da genişləndirilməsinə xidmət edir. Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya interkonnektoru (BRUA) Cənub Qaz Dəhlizi ilə Mərkəzi Avropa arasında açar olmağı qarşıya məqsəd qoyub. Bu, Xəzər dənizinin enerji ehtiyatlarını Cənub Qaz Dəhlizi ilə Rumıniya vasitəsilə Avropaya çıxaracaq”.
Ölkəsinin Avropa İttifaqının ilk üzv dövləti olaraq Enerji Xartiyasına sədrlik etdiyini və enerji sahəsində davamlı, təhlükəsiz gələcəyin təminində Xartiyanın rolunun gücləndirilməsinə çalışacaqlarını bildirərək deyib ki, Rumıniya, həmçinin enerji investisiyaları, enerji ticarəti, nəqliyyat sahələrində Enerji Xartiyasının modernləşdirilməsinə diqqət yetirəcək. Əsas mövzular enerji faydalılığının inkişafı ilə enerji qıtlığının aradan qaldırılması, texniki boşluqları həll etməklə əməkdaşlıq çərçivəsinin möhkəmləndirilməsi, trans-sərhəd enerji axınının təhlükəsizliyinin təmin olunmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: