Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

684

Mayın 25-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

NUHÇIXAN xəbər verir ki, Plenumda “Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2017-ci ilin II yarımilliyində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair” ümumiləşdirmənin nəticələri müzakirə edilib.

Plenumun iclasını açan Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum edilən şəxslərin hüquqlarının daha etibarlı təminatı dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi qeyd olunub. Eyni zamanda, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət – prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcridetmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyə edilib.

Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart tarixli, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli qərarlarında və “2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsadətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair 2017-ci 7 aprel tarixli Plenumunda məhkəmələrə tövsiyə olunub ki, şəxsin məhkəməyə gəlməyə təminatların mövcud olduğu təqdirdə, onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalı, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar.

Plenumda apellyasiya və birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin, istintaq qurumlarının rəhbərlərinin iştirakı ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyənləşdirilib ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsadətlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Qeyd edilib ki, ötən müddətdə lüzumsuz həbslərin və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatların sayı azalıb, əsaslandırılmış məhkəmə qərarlarının keyfiyyəti yaxşılaşıb. Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsanlara yol verilməsi halları da aşkarlanıb.

Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bildirib ki, həbs qətimkan tədbirinin seçilməsi və həbsin müddətinin uzadılması ilə bağlı Ali Məhkəmənin həyata keçirdiyi əhatəli tədbirlər və müzakirələr bu sahədə işin dövlətimizin başçısının tələbləri səviyyəsində qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin məlum Sərəncamında verilən tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin sonunda cinayət qanunvericiliyinə əsaslı dəyişikliklər edilib, həbs qətimkan tədbirləri seçilməsi və onun müddətinin uzadılmasına dair təsirli nəzarət mexanizmləri yaradılıb. Lakin qanunvericiliyə dəyişiklikləri gözləmədən mərkəzi istintaq və prokurorluq orqanları tərəfindən Sərəncamın dərhal icrasına başlanılması nəticəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müsbət dəyişikliklər əldə edilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov da ümumiləşdirmənin nəticələrinin Ali Məhkəmənin Plenumunun iclasında müzakirəyə çıxarılmasının təqdirəlayiq hal olduğunu deyib. Vurğulayıb ki, bu, qanun pozuntularının qarşısının alınmasına, Konstitusiyada və beynəlxalq konvensiyalarda təsbit olunmuş azadlıq hüququnun daha etibarlı təminatına xidmət edir. Həbs qətimkan tədbirləri barədə aidiyyəti qurumlarla müzakirələr aparılıb, bu sahədə əməli tədbirlər həyata keçirilib və müsbət dəyişikliklər əldə edilib.

Plenumda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: