Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah”ı məğlub edərək turnir cədvəlində beşinci pilləyə yüksəlib
Noyabrın 4-də Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz “Qəbələ”nin ikinci qolunu vurub. “Sabah” təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran “Qəbələ” 5-ci pilləyə yüksəlib. “Sabah” isə 16 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə “Neftçi” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Tura hazırda oynanılan “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq.