Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması İspaniya mətbuatının diqqət mərkəzində

200

İspaniyanın nüfuzlu “La Vanguardia”, “El Confidencia”, “El Diario”, “El Diario Vasco” qəzetlərinin elektron versiyalarında Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması ilə bağlı məqalə yayılıb.

NUHÇIXAN xəbər verir ki, EFE agentliyinə istinadən yayılan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bununla bağlı məlumatına yer verilib. Qeyd edilib ki, sentyabrın 17-dən Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq. Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

İspan mətbuatı diqqətə çatdırır ki, Müdafiə Nazirliyinin məlumatında təlimlərdə, həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişlərinin yoxlanılacağı da bildirilir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verilir.

Bildirilir ki, Ermənistan zor tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, “bufer zona” adı altında ölkənin digər rayonlarını da işğal edib.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir, əks təqdirdə, Azərbaycan işğal altındakı ərazilərinin azad edilməsi üçün hərbi gücdən istifadə etməli olacaq.

Cari ilin iyun ayında keçirilmiş hərbi paradda çıxışı zamanı Ermənistanın nə iqtisadi, nə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməyəcəyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, Ermənistan bunu nə qədər tez anlasa, onun üçün o qədər yaxşıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: