Azərbaycan komandası arena polo üzrə Dünya Kuboku yarışının finalına yüksəlib

198

İyunun 16-da Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışları davam edib.

NUHÇIXAN xəbər verir ki, yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd klub mübarizə aparır. Ölkəmizi bu mötəbər turnirdə milli poloçulardan ibarət “Elite Horse & Polo Club” komandası təmsil edir.

Günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” (Almaniya) və “Indian Polo & Riding Club New Delhi” (Hindistan) komandaları qarşılaşıblar. Görüşdə Almaniya təmsilçisi 9:3 hesab ilə qələbə qazanaraq dünya kuboku yarışının finalına yüksəlib.

İkinci oyun isə “Elite Horse & Polo Club” (Azərbaycan) və “Polo Club Wicklow” (İrlandiya) klubları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan komandası rəqibinə 6:3 hesabı ilə qalib gələrək turnirin finalına ikinci vəsiqəni əldə edib.

Xatırladaq ki, iyunun 15-də Azərbaycan klubu Hindistan komandasına 7:6,5, Almaniya poloçuları isə İrlandiya klubuna 8:5 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, dünya kubokunun sahibi Azərbaycan və Almaniya polo komandaları arasında iyunun 17-də keçiriləcək qarşılaşmada məlum olacaq. İrlandiya və Hindistan klubları isə üçüncü yer uğrunda yarışacaqlar.

Yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: