Gənclərin VIII konfransı keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası gənclərinin VIII konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək güllər düzüblər.
Sonra onlar Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeydə ulu öndərin dövlətçilik və siyasi fəaliyyətini əks etdirən sənədlər, foto-şəkillər və digər materiallar barədə ətraflı məlumat verilib.
Konfrans iştirakçıları ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açdıqdan sonra gündəlik təsdiq olunub.
Azad Cabbarov qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının ifadəsidir. Həmçinin, Ali Məclis Sədrinin Fərmanları ilə Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini 14-29 yaşda gənclər təşkil edir. Bildirilib ki, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı”, eyni zamanda İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən bir sıra ölkə və beynəlxalq səviyyəli tədbirlərdə də gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği, onların yaradıcılıq potensialının üzə çıxarılması və intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. Muxtar respublikada idmanın kütləviliyinə də diqqət artıb. Muxtar respublikanın idmançıları Azərbaycan, dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə fəal iştirak edib və uğurlar qazanıblar. Belə ki, bu ilin 9 ayı ərzində muxtar respublika idmançıları ölkə birinciliklərində 84, beynəlxalq turnirlərdə 83, dünya çempionatlarında 2, Avropa çempionatlarında 3 olmaqla, 172 medala sahib olublar.
Konfransda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin VIII Forumuna hazırlıqdan, ən fəal gənclərin bu toplantılarda bir araya gəlib fikir mübadiləsi aparmalarından, ümumilikdə görülən işlərin mühüm töhfələrindən söz açıb. Bildirib ki, oktyabr ayı ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə olunur və burada 2 milyon 700 min Azərbaycan gəncinin çoxsaylı nümayəndəsi iştirak edir. Naxçıvanlı gənclər ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərırlər.
Konfransda Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fuad Babayev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi Məzahir Əfəndiyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış ediblər.
Konfransda Azərbaycan gənclərinin VIII Forumuna nümayəndələr seçilib və qərar qəbul edilib.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının konserti olub.
Əbülfəz Dünyamalıyev