Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb

214

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sənəddə bildirilir ki, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək və həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkədə lobbiçilik fəaliyyətinin əsas istiqamət və perspektivlərini dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan ümummilli lider Heydər Əliyev bəyan etmişdir. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına hər zaman böyük həssaslıqla yanaşmışdır.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulmuş, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olmuşdur. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilmiş, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqeyinin getdikcə güclənməsi, regionun lider dövlətinə çevrilməsi dünya ictimaiyyətinə respublikamız haqqında tam obyektiv, dolğun informasiya verilməsi, ölkəmizin beynəlxalq aləmdə təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondu yaradılsın.

2. “Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Diasporuna Dəstək Fondunda (bundan sonra – Fond) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

3.1.3. Fondun yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqqı fondunun təsdiq edilməsi;

3.3. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Fondun yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Fondun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin;

4.5. bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndinə uyğun olaraq, Fondun nizamnamə fondunun formalaşdırılmasını bir ay müddətində təmin etsin;

4.6. Fondun strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, bir ay müddətində təsdiq etsin;

4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi:

5.1. Fondun dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: