“Azərbaycan Cümhuriyyəti – 100” layihəsinin icrasına başlanılıb

138

“Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) tərəfindən həyata keçirilən “Azərbaycan Cümhuriyyəti – 100” layihəsinin icrasına başlanılıb. Bununla əlaqədar mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən AUKAA-nın idarə heyətinin sədri Tural Məhərrəmov qurumun fəaliyyəti barədə danışıb. Bildirib ki, rəhbərlik etdiyi birlik Böyük Britaniyada təhsil almış məzunlar tərəfindən yaradılıb. Layihənin açılış mərasimin Əlyazmalar İnstitutunda təşkilinin təsadüfi olmadığını söyləyən T.Məhərrəmov deyib: “Bu elm müəssisəsinin binasında AXC parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi”.

Layihənin rəhbəri Ziya Qafarlı diqqətə çatdırıb ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində AXC-nin dövlət qurumlarının fəaliyyət göstərdiyi Bakı, Gəncə və Tbilisi şəhərlərində silsilə tədbirlərin təşkili nəzərdə tutulub. Tədbirlərdə AXC-nin yaranması, Bakının işğaldan azad edilməsi, 31 mart soyqırımı, Azərbaycan Ordusunun Qarabağda erməni qüvvələri ilə döyüşləri və qələbəsi, müstəqilliyin dünya dövlətləri tərəfindən de-fakto tanınması mövzularında panellər təşkil olunacaq.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı Kənan Əliyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, Azərbaycan dilini dövlət dili elan edib, ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib və s. Layihə iştirakçılarına uğurlar arzulayan K.Əliyev qeyd edib ki, bu təşəbbüs gənclərimizin AXC-nin fəaliyyəti ilə daha yaxından tanış olmalarına imkan yaradacaq.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Ceyms Holder ölkələrimiz arasındakı diplomatik əlaqələrdən danışıb. Bildirilib ki, bu əlaqələr gündən-günə inkişaf etməkdədir. Bu gün Böyük Britaniya Azərbaycanın ən önəmli tərəfdaşlarından biridir.

Layihənin əhəmiyyətini vurğulayan diplomat diqqətə çatdırıb ki, dünyada bütün dövlətlər üçün öz keçmiş tarixindən öyrəndiyi dərslər önəmlidir. Bu dərslər ölkənin inkişafında önəmli rol oynayır. AXC dövründə də qəbul olunan qərar müasir müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, həmin dövrdə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi təqdirəlayiqdir.

Sonda layihə iştirakçıları cümhuriyyət dövründə dövlət qurumlarının fəaliyyət göstərdikləri və ziyalıların yaşadıqları tarixi binalarla tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: