Azərbaycan aliminin məqaləsi “İRS” beynəlxalq Azərbaycan jurnalında dərc olunub

126

Moskvada dərc olunan “İRS” beynəlxalq Azərbaycan jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu nömrəsində Azərbaycanın incisi olan Qarabağın tarixi və ermənilərin apardığı işğalçılıq siyasətinə dair məqalələr yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının elmi irs mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın “Ermənistan kilsəsi: dövlət içində dövlət?” məqaləsi də “İRS” jurnalının növbəti nömrəsində dərc olunub.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, tarixçi alimin rus dilində çap olunmuş elmi məqaləsində bir çox arxiv sənədləri və mənbələr araşdırılıb, ermənilərin Osmanlı imperiyası və İrandan Rusiyanın işğal etdiyi Azərbaycan torpaqlarına köçürülməsində Ermənistanın Havari kilsəsinin (Qriqorian kilsəsi) tarixi rolu haqqında məlumat verilib. Bundan əlavə, erməni ekstremist qruplarının Osmanlı imperiyasına qarşı təşkil etdiyi terrorçuluq və dağıdıcı fəaliyyətinə, XX əsrin əvvəlləri, eləcə də sonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə nəzər salınıb.

Məqalədə qeyd olunur ki, tarixən dövlətçilik ənənələrinə malik olmayan ermənilər daim başqa xalqlar və dövlətlərin hakimiyyəti altında yaşayıblar. Eramızdan əvvəl 60-cı illərdə ermənilər Roma imperiyasının əsarəti altında idilər. 387-ci ildə Ermənistan Roma və Sasanilər imperiyası arasında bölünüb, dövlətin Qərb hissəsi Roma, Şərq hissəsi isə İrana verilib. Erməni tarixinin saxtalaşdırılmasında siyasiləşdirilmiş Qriqorian kilsəsi xüsusi rol oynayıb. Bu kilsənin Səfəvilərə qarşı fəaliyyəti həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olub. Ermənilərin öz dövlətçilik ənənələri olmadığı halda, onları əsrlər boyu dəstəkləyən Qriqorian kilsəsi bu milllət üçün praktiki olaraq dövləti əvəz edib, kilsə ermənilərin yalnız mənəvi deyil, eyni zamanda, dünyəvi və siyasi həyatına təsirsiz ötüşməyib.

Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotr 1724-cü il noyabrın 10-da ermənilərin Xəzər dənizi sahilləri, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərman imzalamışdı. Fərmanda ermənilərin Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planı nəzərdə tutulurdu. 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan ərazisi Rusiya ilə İran arasında bölüşdürüldü, tarixi torpaqlarımız olan İrəvan və Naxçıvan bölgələrində “Erməni vilayəti” yaradıldı.

Araşdırmada XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqazda apardıqları müstəmləkəçilik siyasəti, eləcə də XX əsrin əvvəllərində erməni ekstremistlərinin dinc müsəlman əhalisi və görkəmli siyasi xadimlərə qarşı törətdikləri qətllər barədə tarixi faktlar yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: