Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Pakistanda qeyd olunub -

149

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd edib.

Bu münasibətlə təşkil olunan rəsmi qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş Nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.   Tədbirdən  öncə qonaqlar   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən  rəsm sərgi ilə tanış olublar. Burda Pakistanlı rəssamın Azərbaycanın tarixi və müasir memarlıq abidələrini özündə əks etdirən rəsm əsərləri sərgilənib.

Sərgidən sonra keçirilən rəsmi qəbulda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyinin Azərbaycan Prezidentinin sərancamına əsasən təntənəli qeyd edildiyini və  müsəlman dünyasının ilk demokratik respublikası olduğunu diqqətə çatdırıb.  Səfir, 1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycanın ötən 25 ildən artıq müddətdə sürətlə inkişaf etdiyini, Azərbaycanın müasir, sülhsevər və sabit ölkə olduğunu ifadə edib. Bildirib ki, bu gün  Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətləri  yaranıb.  Pakistan  Azərbaycanın ərazi bütövlüyünü qeydsiz-şərtsiz dəstəkləyir,  Pakistan Milli Assambleyası və Senatının Xarici İşlər Komitələri Xocalı Soyqırımını tanıyan qətnamələr qəbul edərək Azərbaycan xalqı və dövləti ilə daim həmrəylik nümayiş etdiribdir. Son 1 il ərzində hər iki ölkədən qarşılıqlı olaraq 30-dan artıq səfər həyata keçirilib.  Azərbaycana səfər edən Pakistan vətəndaşlarının son bir ildə sayının 5-6 dəfə artdığı da  nəzərə çatdırılıb. Gələcəkdə  iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırılması üçün səylərin daha da artırıldığı və bununla bağlı addımların atıldığı vurğulanıb. Səfir elm, mədəniyyət, təhsil, müdafiə sənayesi və hərbi-texniki sahələrdə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini, eləcə də Heydər Əliyev Fondu tərəfindən Pakistanda sosial və humanitar layihələrin icrasının davam etdirildiyini diqqətə çatdırıb.

Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim Pakistanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu, Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bəyan edib. Nazir, Azərbaycan-Pakistan əlaqələrinin parlaq gələcəyə malik olduğunu deyib.

Tədbirdə Azərbaycandan dəvət olunmuş sənətçilərin ifa etdikləri   mahnılar və  musiqilər   maraq və alqışlarla qarşılanıb.

Mərasimdə Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdirilib. Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər və digər əyani materiallar tədbir iştirakçılarına paylanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: