Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 35-ci Sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak edib

146

NUHÇIXAN xəbər verir ki, 5-8 noyabr tarixlərində Strasburqda keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 35-ci Sessiyasında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

“İnteqrasiya və yerli və regional seçkili nümayəndələrin etik davranışı” devizi altında keçirilən konqresin növbəti sessiyasında açıq və şəffaf hökümət, maraqlar  konflikti, yerli siyasi mühitə cəlb olunan şəxslərin davranış kodeksi barədə müzakirələr aparılmış və müvafiq sənədlər səsverməyə çıxarılmışdır. Həmçinin miqrasiya məsələləri, məcburi köçkünlərin inteqrasiyasının hazırkı vəziyyəti barədə debatlar keçirilmiş, müvafiq qətnamə və tövsiyyələr qəbul edilmişdir. Sessiyada yerli və regional hakimiyyət orqanlarının mərkəzi hökümətlərlə məsləhətləşməsi mexanizmləri, həmçinin qurumun monitorinq fəaliyyəti çərçivəsində Litva və Sloveniya üzrə monitorinq, Gürcüstan, Moldova, Niderland vəTunisdə keçirilmiş seçkilərin müşahidə edilməsi ilə bağlı seçki müşahidə missiyalarının yekun hesabatları da müzakirə olunmuşdur.

35-ci sessiya Xorvatiyanın Avropa Şurasında sədrlik dövrünə təsadüf etdiyindən yığıncaqda həmin ölkənin baş nazirinin müavini, xarici işlər naziri Maria Peyçinoviç Buriç nümayəndələr qarşısında çıxış etmiş və onların ünvanladığı sualları cavablandırmışdır.

Sessiyanın plenar iclasında “Avropa regionları və bələdiyyələrində miqrant və məcburi köçkünlərin uğurlu  və uzunmüddətli inteqrasiyasında səsvermə hüququ” adlı məsələ müzakirə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov müzakirə olunan məsələ ilə bağlı çıxış edərək demişdir ki, səsvermə hüququ insan hüquqları daxilində çox mühüm əhəmiyyətə malikdir. Məsələyə məcburi köçkünlər kontekstindən baxıldığında bunun bir qədər miqrantlara olan yanaşmadan fərqli vəziyyət olduğu görünür. Çünki bu məsələdə diferensial yanaşmanın, lazım gəldikdə isə birmənalı qiymətləndirmənin vacibliyi nəzərə alınmalıdır. BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə dünyadakı 25 milyon məcburi köçkündən 5 milyonu Avropa Şurasının üzv-dövlətlərinin payına düşür. Bu, bütövlükdə demokratiya, insan hüquq və azadlıqlarından danışan Avropa Şurası üçün utancvericidir.

Anar İbrahimov Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan çox məcburi köçkünün öz torpağında etnik təmizləməyə məruz qaldığını bildirmiş və təklif etmişdir ki, inteqrasiya prossesləri önə çəkilməklə əsl problemin həllinə- bütün məcburi köçkünlərin daimi yaşayış yerinə qayıtmaq haqqının tanınmasına, onların vətənlərində təhlükəsiz və layiqli yaşamasına nail olunmalıdır.

Azərbaycan nümayəndə heyəti müzakirə olunan sənədə 7-ci hissənin əlavə olunmasına dair düzəliş təklif etmişdir. Nümayəndələr irəli sürülən təklifi böyük səs çoxluğu ilə (119 leyhinə, 4 əleyhinə, 8 bitərəf) dəstəkləmişlər. Qəbul olunan tövsiyyə Avropa Şurasının Nazirlər Komitəsinə təqdim olunacaqdır.

Sessiyanın gedişində Azərbaycan nümayəndə heyəti ilə Fransa nümayəndə heyətinin görüşü olmuşdur. Görüşdə Fransanın bəzi bələdiyyələrinin Azərbaycanın işğal altında olan şəhərlərində qondarma rejimin yaratdığı “bələdiyyələrlə” qardaşlaşması, müqavilə imzalanması və işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərin təşkil edilməsinə dair Azərbaycan tərəfinin etirazı çatdırılmış və tələb edilmişdir ki, Fransa heyəti bu cür qeyri-qanuni hərəkətlərə müvafiq qiymət versin. Fransa nümayəndə heyəti bununla bağlı öz səviyyələrində araşdırma aparacaqlarını bildirmişlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: