Avropa qocalıb, yaxud təlimat yuxarıdan gəldi və “val” dəyişildi - Səməd Canbaxşiyev yazır

136

Nədənsə, ATƏT –in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatında Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı məqamlarla tanış olanda alman filosofu Karl Marksın “Kommunist partiyasının manifesti” əsərindən birinci cümlə yadıma düşdü.

Bir zaman bu ifadə çox məşhur idi. Amma deyəsən yenə də gündəmə başqa kontekstdən gəlir. Cümlə belə idi – “Avropada bir kabus dolaşır – Kommunizm kabusu”! Kommunizmin ideoloqu olan Marks hesab edirdi ki, Avropanın bütün mürtəce qüvvələri bu kabusa qarşı səfərbər olub. Çünki bu qüvvələr ondan və onun ədalətindən  qorxurlar.

İndi də deyəsən, Avropa  üçün bu kabus “Azərbaycan kabusu” olub. Niyə? Səbəbi bəllidir. Avropanın bəzi siyasi qüvvələri hələ də Şərqə, Türk dünyasına, müsəlman aləminə  öz rəzil “Səlib yürüşünü”  davam etdirir. Hələ də zəngin keçmişi və sərvəti olan ölkələrin inkişafı və tərəqqisi onlar üçün qorxunc “kabusa” çevrilib. Yoxsa ki, bu qədər qısqanclıq onlarda haradandır? 2003-cü ildən peşəkar jurnalist kimi ölkədə keçirilən seçkilərdə iştirak etmişəm. Hələ indiyə qədər ATƏT-in müşahidə missiyasının bir nümayəndəsinin seçkini müşahidə edərkən kiməsə müsahibə verdiyini görməmişəm. Ancaq bir sözləri var- Biz fikrimizi seçki qurtarandan sonra deyəcəyik. Ya da-Baş ofisimizlə əlaqə saxlayın, məlumatı oradan alın. Başa düşürük, sizə tapşırıblar ki heç kimə müsahibə verməyin. Sual yaranır , axı niyə? Hörmətli “atətçi”  cənablar və xanımlar, axı siz özünüz birbaşa məntəqələrdə müşahidə aparırsınız, ofisinizdəkilər yox. Onlar da siz verən  məlumatları qeyd edirlər. Əgər  seçki pozuntusu varsa niyə elə orda sizə müraciət edən jurnalistə birbaşa kamera qarşısında demirsiniz? Niyə ağızdolusu “Qərb demokratiyası” dediyiniz söz azadlığından istifadə etmirsiniz? Bilirsiniz niyə? Çünki hansısa olmayan iradı bildirəndə, ikinci bir sual da yaranacaq, -Göstərə bilərsinizmi o dediyiniz faktı?  Bax bu sualın cavabını verməkdən qorxduğunuz üçün bu cür davranırsınız.

ATƏT-in son hesabatındakı müddəalardan biri də guya qadınların ictimai həyatda rolunun məhdudlaşdırılmasıdır. Vallah, adamın gülməyi gəlir. Halbuki, son illər gender bərabərliyi Azərbaycanda  qadınların xeyrinə dəyişir . Yeri gəlmişkən,  hələ 1918-20-ci illərdə Azərbaycanda qadınlara seçki hüququ veriləndə Amerikada  və Avropanın bir çox ölkələrində qadınların nəinki səs vermək, heç işləmək hüququ da yox idi. Azərbaycana qarşı bu hesabatı hazırlayanlanların babaları  fəal ictimaiyyətçi qadınların boynuna hay-küylə daş bağlayıb çaya, dənizə atırdılar.

Burda deyiblər bax, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Müşahidəçilərin guya diqqətini çəkən  ikinci bir  “dəhşətli fakt” namizədlər arasında rəqabətin olmamasıdır. Uzun illərdir ki, məhz elə bu qərəzli və ikiüzlü  siyasət aparan ATƏT kimi qurumların təzyiqlərinə baxmayaraq Azərbaycanı sürətli inkişaf yoluna qoyan, xalqının, başçılıq elədiyi dövlətinin maraqlarını imperialist iştahalardan qoruyan cənab İlham Əliyevi sən demə, prezidentliyə digər namizədlər olan  Hafiz Hacıyev və  Razi Nurullayev səs toplamada  addımbaaddım izləyəcəkmişlər… Gülməli bəyənatdır, deyilmi?

Azərbaycan xalqı öz gələcəyini kimə etibar etdiyini bir nəfər kimi çox gözəl bilir. Bu xalq vahid bir qüvvə halında  kimin  ardınca gedəcəyini özü, ağılla, uzaqgörənliklə təyin edir.

Guya seçki müşahidəçilərinə məhdudiyyət varmış? Halbuki, istər əcnəbi, istərsə də yerli müşahidəçilər seçki  məntəqələrinə sanki Fateh Sultan Məhmət 1453-cü ildə İstanbul surlarından daxil olan kimi daxil olub, özlərini evlərindəki kimi aparırdılar… Və müşahidələr zamanı Naxçıvan televiziyasına verdiyi müsahibələrində də istər ATƏT, istərsə də MDB müşahidəçilərinin hər biri bir ağızdan seçkilərin qanun pozuntusu olmadan və yüksək ictimai fəallıq şəkilində keçirildiyini bəyan edirdilər. Seçki bitdi, həmişəki kimi buyruq və təlimat yuxarıdan gəldi və “val” dəyişildi. Çürüyüb əprimiş, bir kağız parçası olmaqdan o tərəfə gedə bilməyən “demokratik” bəyanatlar peyda olmağa başladı. Həmişəki kimi özlərini bizdən çox demokrat və dünyəvi göstərməyə başladılar.  Axı kim olmasa da biz bunları yaxşı tanıyırıq: Onlar bir zamanlar İraqa, Əfqanıstana, Liviyaya, indi isə Suriyaya “demokratiya” gətirənlərdi. Hələ də bu müsəlman ölkələrinin heç birindən qan-qada və fəlakətlər əskik olmayıb.

Bir sözlə,guya Avropalı müşahidəçilər dəstəsi Azərbaycandakı seçkilərdə şəffaflıq və demokratiya “görməyiblər ”. Bunu görmək üçün göz lazımdır, hörmətli qonaqlar. Qoca Avropanın gözü onsuz da  çoxdan Azərbaycanda gedən yaxşı heç nəyi  görmür !

Uzun illərdir ki, Qarabağ probleminin həllini  guya ATƏT və Avropa Şurası adlı ikili siyasət aparan qurumlar  həll edir. Hanı? Nə eləmisiniz? Sizin Azərbaycana və onun xalqına qarşı qərəzli münasibətiniz hələ 1992- ci ildən bəllidir, misterlər..

P.S. Hə bir də, 11 aprel 2018-ci il seçkilərində Azərbaycan xalqı 2025- ci ilə qədər öz ölkəsini etibarlı bir dövlət başçısına həvalə edib. Cənab İlham Əliyevi artıq özünə Prezident seçib!

Bunu, səsvermədə bülletenlərin sayılmasını gözləməyib, başı tələsik qərəzli bəyanat yazmağa qarışanlara deyirik.

Yeri gəlmişkən Mərkəzi Seçki Komissiyasının dünən yaxşı bir bəyanatı yayımlanıb. Bəyanatın sonunda deyilir:

“Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: