ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb

141

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov sentyabrın 18-19-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə iştirak edib. Bu barədə NUHÇIXAN-a Dövlət Komitəsindən məlumat verilib.

Tədbir çərçivəsində humanitar məsələlər, o cümlədən insan alveri, qaçqın və məcburi köçkün problemləri üzrə təşkil olunmuş işçi sessiyalardakı çıxışlarında F.Hüseynov təcavüzkar Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsinın ağır nəticələri barədə söhbət açıb. O, insan hüquqları kobud şəkildə pozulmuş bir milyondan çox azərbaycanlının 25 ildən artıqdır qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, humanitar fəlakətlə üzləşdiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövləti bu şəxslərin sosial problemlərinin həlli istiqamətində ardıcıl iş aparır. 1993-cü ildən başlayaraq ölkə Prezidenti tərəfindən 109 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 381 qərar və sərəncam, Milli Məclis 34 qanun qəbul edib. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar ötən 25 ildə 7 milyard ABŞ dolları vəsait xərclənib.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyini bir daha diqqətə çatdıran komitə sədrinin müavini münaqişənin ATƏT çərçivəsində beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinə Azərbaycanın tərəfdar olduğunu bildirib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ermənistanın qeyri-konstruktiv yol tutan yeni hakimiyyətinin özbaşınalığına son qoymaq üçün bu təşkilatın öz təsir imkanlarından istifadə etməsi vacibdir.

F.Hüseynov Azərbaycan hökuməti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz doğma yurd-yuvalarına qaytarılmasını nəzərdə tutan bu proqram artıq Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində icra edilib.

ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Fuad Hüseynov daha bir neçə məsələyə diqqət yönəldib. Tövsiyə edilib ki, Lissabon Sammitinin qərarına, iştirakçı ölkələr və ATƏT təsisatları və institutlarının digər əlaqədar öhdəliklərinə uyğun olaraq etnik təmizləmə və kütləvi çıxarılma siyasəti qınanmalı, qaçqınların və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü asanlaşdırmaq istiqamətində öhdəliklərin praktiki tətbiqinə diqqət cəmləşdirilməlidir. Bundan əlavə, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra onların hüquqlarının qorunması ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinə inteqrasiya olunmalıdır. Qaçqınlar və məcburi köçkünlərlə bağlı ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirmək, Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinə müvafiq hesabat hazırlanması ilə bağlı tapşırıq vermək tövsiyə olunub.

Görüşdə özünü “Artsax Avropa Mərkəzi”nin nümayəndəsi kimi təqdim edən şəxsin çıxışına cavab olaraq diqqətə çatdırılıb ki, qondarma “Artsax”, yaxud “Dağlıq Qarabağ Respublikası” (“DQR”), Ermənistan da daxil olmaqla, BMT-nin heç bir üzv dövləti tərəfindən tanınmayıb. BMT Təhlükəsizlik Şurasının hansısa qətnaməsində, hətta sədrinin çıxışında “DQR”in varlığı, əhalisi, muxtariyyət məsələsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Əksinə, Azərbaycana qarşı gücdən istifadə edildiyi, ərazi bütövlüyünün pozulduğu qınanılıb, onun suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: