Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalıdır

150

1996-cı ildən oktyabrın 12-si Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bir çox ölkələrdə Dünya Artritlə Mübarizə Günü kimi qeyd edilir. Bu tarixin keçirilməsində əsas məqsəd revmatoloji xəstəliklər və artritin formaları haqqında insanları məlumatlandırmaqdır. Günün qeyd olunması xəstəliyin erkən diaqnostikası, profilaktikası, tibbi və sosial bərpası məsələlərinə diqqəti cəlb etmək, həkim, xəstə və ictimaiyyətin səylərinin birləşdirilməsi baxımından da vacibdir.

NUHÇIXAN xəbər verir ki, artrit bir və ya bir neçə oynağın ağrı və hərəkətin məhdudlaşması ilə müşahidə olunan ciddi iltihabi xəstəliyidir. O, əlillik və iş qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Oynaqların tez-tez təkrarlanan travmaları, fiziki gərginlik və irsiyyət xəstəliyinin yaranma səbəblərindəndir. Bundan başqa virus və bakterial infeksiyalar, həddindən artıq soyuqlama, fiziki və psixi yüklənmə, siqaretə aludəçilik də xəstəliyin inkişafına səbəb ola bilər.

Son onillikdə dünyada sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinin artması müşahidə edilir. Bu problem sümük-əzələ, qan dövranı və tənəffüs sistemi xəstəliklərindən sonra üçüncü yerdədir. Yaranma səbəbləri və inkişaf mexanizmi tam öyrənilməyən artritin ömrü 3-7 il qısaltdığı sübut olunub. Ən təhlükəlisi isə odur ki, xəstəliyin risk qrupuna yaşından asılı olmayaraq hər kəs daxildir. Lakin artrit ən çox oynaqların revmatik xəstəliyinin yaranmasına səbəb olur ki, bu da 30-50 yaş arası insanlarda rast gəlinir. Kişilərə nisbətən qadınlarda bu xəstəliyə beş dəfə çox rast gəlinir.

Xəstəlikdən yaxa qurtarmaq üçün həkimlər sağlam həyat tərzi keçirməyi, fiziki hərəkətlər etməyi, düzgün qidalanmağı, həmçinin öz psixoemosional vəziyyətini dəqiq qiymətləndirməyi məsləhət görürlər. Müntəzəm fiziki hərəkətlər əzələlərin möhkəmlənməsinə və qamətin yaxşılaşmasına kömək edir. Artrit xəstələrinin qidasında turşuluq dərəcəsi aşağı olmalı, menyuya meyvə və tərəvəzlərdən hazırlanan salatlar daxil edilməlidir. Alma, gavalı, turşəng, qaragilə meyvələri, çaytikanı, qara qarağat, həmçinin D vitamini ilə zəngin qidalar rasionda üstünlüyə malik olmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: