Arı ailələri qışlamaya vaxtında hazırlanmalıdır

246

Arıların qışlamadan sağlam çıxması və yazda sürətli inkişafı onların payız dövründə bəslənməsindən daha çox asılıdır. Payızda arıçının əsas vəzifəsi güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirməkdir.

Arı pətəklərindən balı  götürərkən qışlama dövrü üçün kifayət qədər keyfiyyətli yem ehtiyatı saxlamaq lazımdır. Payız-qış dövrü üçün hər arı ailəsinə tələb olunan yemin 70-80 faizi pətəkdə, qalan hissəsi isə anbarda saxlanılmalı və ehtiyac olduqda arı ailələrinə verilməlidir. Arı ailələrini qışlamaya hazırlayarkən hər çərçivə arası üçün 2-2,5 kiloqram bal saxlanılmalıdır.

Muxtar respublikamızda qışın şaxtalı keçməsi ilə əlaqədar olaraq arı ailələri əsasən qışlama binalarında saxlanılır. Bu binalarda temperatur mənfi 2 və müsbət 3 dərəcə arasında olarsa, arı ailələri normal qışlayar və ən az yem məsrəf edərlər.

Ailələrin inkişafı üçün lazımı şərait yaratmaq, ana arının yumurta qoymasını sürətləndirmək, arıxanada tələb olunan istilik rejimini saxlamaq, balın sərf olunmasını azaltmaq üçün qışlama dövrü pətək yaxşı isidilməli, arı ailəsinin gücündən asılı olaraqtəzə şanlı çərçivələr saxlanılmalıdır. Ailədə arıların miqdarı azaldıqca pətəkdən artıq çərçivələr çıxarılmalı, içərisi daraldılmalıdır. Pətəkdə tələb olunan normanın saxlanılmasında, arıların inkişafında və yemin sərf olunmasında istilik olduqca mühüm rol oynayır. Nəzərə alınmalıdır ki, arılar pətəkdə normal istilik yaratmaq üçün daha çox yem yeyir və bunun üçün artıq enerji sərf edirlər.

Arı ailələrini soyuqdan qorumaq üçün onları qışlama binasına yığmaq lazımdır. Qışlama binasının çox isti olması yolverilməzdir. Binanın isti olması balın pətəkdə rütubət almaq qabiliyyətinin itməsinə, arıların susuzluq çəkməsinə və daxildə temperatur normasının pozulmasına səbəb olar. Nəticədə, topa parçalana bilər və qışlamanın normal keçməsinə pis təsir göstərər.

Nəzərə almaq lazımdır ki, payızın ilk aylarından fevral ayının axırınadək arılar fəaliyyətsiz olur. Bu müddət ərzində onlar açıq havada saxlanıldıqda belə uçmurlar, hətta pətəyin daxilində heç bir iş görmürlər. Bu zaman arılar çərçivələrin arasında yaza kimi bir-birinə möhkəm sıxılır, hərdən yem ehtiyatı olan tərəfə hərəkət edirlər.

Başqa həşəratlardan fərqli olaraq arılar qışda anabioz (yuxu vəziyyəti) halında olmur, qidalanır, qaranlıqda qışlayır, ən zəif işıq onlara həyəcan gətirir və qış topasının dağılmasına səbəb olur. Buna görə də qışlama binasında tam sakitlik olmalıdır.

Yaz yaxınlaşan kimi arılar narahat olmağa başlayır. Çünki qışın axırında hər bir arı ailəsi çoxlu yem sərf edir və bağırsaqlarda qış ərzində toplanmış qida qalıqlarını saxlamağa çətinlik çəkirlər. Qışlama binasında qalmış arılar təbiətin oyanmasını səbirsizliklə gözləyirlər. Bəzən havalar birdən isinir, bəzən də tez-tez dəyişən uzun soyuqlar davam edir. Havaların bu cür keçməsi arıların nə vaxt çölə çıxmağını müəyyən etməyə imkan vermir. Buna görə də arıçılar təbiətdəki dəyişikliklərə fikir verməklə, müşahidələr aparmalı və buna əsasən də arıların qışlamadan çıxması gününü dəqiq müəyyən etməlidirlər.

Gecələr şaxtalı olanda, gündüzlər Günəş batdıqda pətəkdə temperatur yuxarı olur. Arıçı bu əlamətləri görəndə arıları qışlama binasından çıxarmaq vaxtının çatdığını bilməlidir. Küləksiz, günəşli günlərin birində səhər çağı pətəklər binadan çıxarılıb daimi yerlərinə qoyularaq uçuş bacası açılmalıdır.

Arıçılıqla məşğul olan sahibkarlar tövsiyə olunan tədbirləri vaxtında aparsalar, arı ailələrini qışlamadan sağlam çıxarar, onların sayını artırar və bol məhsul istehsal etmiş olarlar.

              Əyyub Abdullayev,

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

                                        “Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: