Argentina və Xorvatiya milliləri dünya çempionatının səkkizdəbir final mərhələsinə adlayıblar

221

İyunun 26-da Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının “D” qrupunun sonuncu turunda Nigeriya-Argentina və İslandiya-Xorvatiya oyunları keçirilib. Bu qrupda yer alan Xorvatiya millisi səkkizdəbir finala vəsiqəni vaxtından qabaq təmin edib. Pley-offa ikinci vəsiqənin taleyi isə sonuncu turun oyunlarının nəticələrindən asılı olub və Argentina millisi növbəti mərhələyə adlayıb.

NUHÇIXAN xəbər verir ki, Nigeriya və Argentina komandaları “Sankt-Peterburq Arena”da üz-üzə gəliblər.

Türkiyəli baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunun 14-cü dəqiqəsində Ever Baneqanın ötürməsini Lionel Messi baxımlı qolla tamamlayıb. Bu, Rusiyada təşkil olunan dünya çempionatında 100-cü qol olub. Komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib və matçın birinci hissəsi Argentina millisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Nigeriya millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 49-cu dəqiqəsində Xaver Maskeranonun Nigeriya millisinin üzvü Leon Baloquna qarşı kobud oyununa görə, türkiyəli hakim Argentina seçməsinin qapısına penalti zərbəsi təyin edib. Nigeriyalı Viktor Mozes fərqlənərək hesaba tarazlıq gətirib. Görüşün 87-ci dəqiqəsində Markos Roxo Argentina millisinin vacib qolunu vuraraq komandasını hesabda önə çıxarıb. Gərgin anların yaşandığı oyun Argentina millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyunu – İslandiya-Xorvatiya matçı isə “Rostov Arena”da keçirilib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb.

İspaniyalı baş hakim Antonio Mateunun idarə etdiyi oyunun 53-cü dəqiqəsində Milan Badel Xorvatiya millisini hesabda önə çıxarıb. Matçın 73-cü dəqiqəsində Xorvatiya millisinin qapısına təyin olunmuş penalti zərbəsini Qilfi Siqurdsson dəqiq yerinə yetirib və hesab bərabərləşib. Qarşılaşmanın 90-cı dəqiqəsində İvan Perişiç Xorvatiya millisinin qələbə topunu vurub.

Beləliklə, görüş Xorvatiya millisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Xorvatiya millisi 9 xalla qrup birincisi, Argentina isə 4 xalla qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə adlayıb. Nigeriya 3 xalla qrupda üçüncü, İslandiya yığması isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Xorvatiya səkkizdəbir final mərhələsində Danimarka, Argentina isə Fransa yığması ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: