Anar İbrahimovun təklifi Strasbuqrda böyük səs çoxluğu ilə qəbul olundu

1. 126

Fransanın Strasburq şəhərindəki Avropa Şurasının mənzil-qərərgahında qurumun  Yerli və Regional Hakimiyyətlər Konqresi öz işinə başlayıb.

NUHÇIXAN Avropa Şurasının rəsmi portalına istinadən xəbər verir ki, sessiyanın plenar iclasında “Avropa regionları və bələdiyyələrində miqrant və məcburi köçkünlərin uğurlu  və uzunmüddətli inteqrasiyasında səsvermə hüququ” adlı məsələ  müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov bildirib ki, səsvermə hüququ insan hüquqları daxilində çox mühüm əhəmiyyətə malikdir. Məsələyə  məcburi köçkünlər  kontekstindən baxıldığında  bu,  miqrantlara olan yanaşmadan bir qədər fərqli vəziyyətdir.  Anar İbrahimov diferensial yanaşmanın, lazım gəldikdə isə birmənalı qiymətləndirmənin vacibliyini vurğulayıb.

O deyib: “BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, dünyadakı  25 milyon məcburi köçkündən 5 milyonu  Avropa Şurasına  üzv dövlətlərin payına düşür. Bu bütövlükdə demokratiya, insan hüquq və azadlıqlarından danışan Avropa Şurası üçün də utancvericidir”.

Natiq Ermənistan tərəfindən  Azərbaycanın  1990-cı illərin əvvəllərində işğal edilmiş ərazilərindən zorla qovulan 1 milyondan çox azərbaycanlı məcburi köçkünün də probleminə toxunub. Sonda  inteqrasiya prosesərini önə çəkməklə təklif edib ki, problemin əsl həlli bütün məcburi köçkünlərin daimi yaşayış yerinə qayıtmaq haqqının tanınması və onların vətənlərində təhlükəsiz və layiqli yaşamının təmin edilməsidir.

Azərbaycan nümayəndə heyəti, bu məqsədlə müzakirə olunan sənədə düzəliş təklifi irəli sürüb. Təklif səs çoxluğu ilə (119 leyhinə, 4 əleyhinə,8 bitərəf) dəstəklənib. Qəbul olunan tövsiyyə Avropa Şurasının Nazirlər Komitəsinə təqdim olunacaq.

Sessiya öz işini noyabr ayının 8-də başa vuracaq.

Qeyd edək  ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi qitənin yerli və regional orqanlarının nümyəndələrinin daimi orqanıdır və iki palatadan: Yerli Hakimiyyətlər və  Regionlar Palatasından ibarətdir. Qurumdakı Azərbaycan nümayəndə heyəti 6 üzvlə təmsil olunur. Konqresdə Naxçıvan Muxtar Respublikasını Ali Məclisinin iki deputatı, bələdiyyələrindən isə bir nümayəndə təmsil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: