Ana Vətənimizin Rəşadətli Ordusu!

414

“Özgə yerin odu vətənimin tüstüsü qədər qiymətli ola bilməz”. Vətən anlayışı hər birimiz üçün müqəddəs olduğu qədər əziz və doğmadır. Əbəs yerə dilimizdə “Ana Vətən” deyib öyünmürük. Əziz  həmdəmimiz olan anamız  nə qədər sevilirsə vətən də o qədər sevilməlidir.

İgid ərənlərin, qəhrəmanların oylağı olan odlar yurdu-qədim Azərbaycan deyəndə ölməz şairimiz Səməd Vurğunun beyti yada düşür:

                          “El bilir ki, sən mənimsən,

                           Yurdum, yuvam məskənimsən,

                           Anam doğma vətənimsən,

                           Ayrılarmı könül candan,

                           Azərbaycan! Azərbaycan!”

Doğma vətənimiz Azərbaycan  gözümüzdü, biz  də onun kirpiyi. Gözümüzün keşiyini çəkmək isə vətəndaşlıq borcumuzdur.Bu gün müstəqil Azərbaycan gənclik illərini yaşasa da, günü-gündən inkişaf edir, tərəqqiyə doğru gedir. Misilsiz xaruqələri ilə dünya miqyasında tanınır və şöhrət qazanır.

Müstəqil dövlət kimi hər sahədə inkişaf etmiş Azərbaycanın ordu quruculuğu da özünün ən yüksək inkişaf mərhələsini yşayır. Cənab Prezident , Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Ordu quruculuğu bizim dövlət siyasətimizdir”.

Müstəqil dövlətimizin memarı dahi siyasətçi Heydər Əliyev qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır.Azərbaycanı həmişə düşünmüş Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışarkən  ordu quruculuğuna başlamışdır.

1993-cü ildə ümummilli liderin xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışdır. Heydər Əliyevin Milli Ordu quruculuğuna xüsusi önəm verməsi 1993-cü ilin noyabrında döyüş bölgələrində ruh yüksəkliyinə səbəb olmuş, düşmənə ağır və sarsıdıcı zərbələr endirilmişdir. Səngərlərdə əsgərlərlə şəxsən görüşən Heydər Əliyev Milli Orduda xidmət edən gənclərimizə döyüşkənlik ruhu aşılamağa nail olmuşdur. Heydər Əliyevin müdrik rəhbərliyi ilə  Milli Ordunuzun uğurla nəticələnən  döyüşləri düşmən ordusunu qorxuya saldı.

1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verilmişdir. Bu məqsədlə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmışdır. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edilmişdir. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunmuşdur.  Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmış, hərbi vətənpərvərlik işi gücləndirilmişdir. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmişdir. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, eyni zamanda texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılı olduğundan   Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşması daim diqqət mərkəzində idi.

Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən dahi şəxsiyyət Heydər Əliyev  tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.

1990-cı  illərin ortalarından başlayaraq Azərbaycanın  NATO ilə sıx və səmərəli əməkdaşlığı  ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, silahlı qüvvələrimizin  modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır.Beynəlxalq təşkilatların təsdiqinə əsasən tam əminliklə deyə bilərik ki, ordumuz  bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır.

Silahlı Qüvvələrimizin strukturuna daxil olan müxtəlif qoşun növlərini peşəkar hərbi kadrlarla təmin etmək üçün Azərbaycan Ali Hərbi Dənizçilik,  Azərbaycan Ali Hərbi Təyyarəçilik, məktəbləri, Silahlı Qüvvələrin Təlim və Tədris  mərkəzi və Azərbaycan Tibb Universitetində hərbi tibb fakültəsi yaradılmışdır ki, burada ordumuz üçün hərbi mütəxəssislər hazırlanır.

Hərbi təhsildən danışarkən ilkin olaraq Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Lisey yada düşür. Azərbaycanın hərbi təhsil tarixində yeni bir səhifə açmış Hərbi Liseyinin      o zaman təsis edilməsi respublikamızda milli zabit kadr hazırlığının yüksəlməsinə, azərbaycanlıların hərb sənətinə marağının daha da artmasına səbəb olmuşdur.

Dahi siyasətçi Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran  Prezident, Ali Baş Komandan İlham Əliyev  bu gün artıq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.

Ordumuzun gücünü artıran hərbiçilərimizin-əsgər zabitlərin döyüş əhval-ruhiyyəsini yüksəldən, onlara həmişə dəstək olan amillərdən biri də dövlət başçısı cənab İlham Əliyevin hərbi hissələrdə, xüsusən cəbhə xəttinə ardıcıl olaraq səfərlər etməsidir. Hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandanın orduya diqqət və qayğısı ümumilikdə Azərbaycan dövlətinə olan sədaqətin bariz nümunəsidir. Milli Ordumuzda fədakarcasına qulluq edən əsgər-zabitlərimiz vətən üçün canından  keçməyə belə hazırdılar.

Dünyaya səs salan aprel döyüşlərində Milli Ordumuzun uğurlu əməliyyatlar aparması, düşmən tərəfə layiqincə cavab verməsi bir sıra rayonların azad edilməsi əsl qəhrəmanlıq idi.

Bu döyüşlərdə Azərbaycanın hər bölgəsindən böyüyüb boya-başa çatmış igid oğullarımız-əsgərlərimiz böyük fədakarlıq,igidlik  göstərmişlər. Adı şərəflə çəkilən aprel şəhidlərinin simasında həmyerlimiz Pəncəli Teymurovun öz toyunda qeyri-adi arzularla çıxış etməsi  Pəncəlinin doğma vətənə olan sədaqətinin, vurğunluğunun sübutudur. “Dostlar həqiqətən elə şeylər var ki, bizim əlimizdə deyil amma mən sidq ürəklə deyirəm hər zaman, hər an xalqım üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum  Azərbaycan Respublikasının  üç rəngli ay- ulduzlu bayrağına bükülü tabutum dəfn olunmağa aparılsın”.

Hərbiçi yoldaşları tərəfindən “Qurd Pəncəli” adlandırılan igid həmyerlimizin yüksək hərbi fiziki hazırlığı, qorxmazlığı, cəsurluğu qulluq etdiyi hərbi hissənin heyyətini  heyran etmişdir. 17 il könüllü olaraq vətənə qəhrəmancasına qulluq etmiş  gizir Pəncəli Teymurov 2015-ci ildə Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Vətən uğrunda şəhid olmağı özünə arzulamış həmyerlimiz böyük arzusuna çatdı və aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Şəhidliyi ilə bir zaman yaşadığı Astaranın kiçik Əzərüd kəndini beynəlxalq miqyasda tanıdan cəsur eloğlumuzla, Azərbaycan əsgəri ilə fəxr etməyə, öyünməyə dəyər. Onun ömür yolu, hərbi xidmətdəki fəaliyyəti, cəsurluğu bugünkü gənc nəslə örnəkdir, həyat məktəbidir. Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalına layiq görülmüş igid Azərbaycan əsgərinə eşq olsun!

Hərbi anda sadiq olan astaralı gənclərdən Kamus Məmmədov, Zəka Fərəməzov, Milli Ordunun gizirləri Elvin Qasımov, Orxan Əliyev və başqaları aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərmişlər.Onlar ağır yaralansa da hərbi hospitalda müalicə alandan sonra döyüş bölgəsinə qayıtmaq arzusunu bildirmişlər.

Aprel döyüşlərində sol ayağını itirmiş astaralı gənc Orxan Əliyev Prezident İlham Əliyevin yaralı əsgərlərlə görüşərkən söylədiyi sözləri  hər an xatırlayır.  “Siz Vətən uğrunda döyüşmüş, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir, Azərbaycan xalqı sizinlə fəxr edir”.

Ölkə başçısı cənab prezident İlham Əliyev unudulmaz şanlı qələbə kimi tarixə düşmüş aprel döyüşündə şəhid olmuş hərbiçilərin xatirəsi heç zaman unudulmayacağını  söyləmişdir: “Onların xatirəsi bizim qəlbimizdədir.Azərbaycan xalqının daim ürəyində yaşayacaq.Döyüşlərdən sonra hospitalda yaralı hərbiçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük vətən sevgisi var. Ağır,yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir.”

Prezident İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə əlaqədar döyüşlərdə iştirak etmiş hərbiçilərlə və Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşərkən böyük coşqu ilə demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişli mövqelərdən əks hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Nəticədə Fizuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun bərpa edəcəkdir. Aprel döyüşləri düşməni acı məğlubiyyətə uğratdı həm də onların ideoloji əsaslarını dağıtdı”.

Bu gün qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri dövlət sərhədlərini qorumaqla yanaşı bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edir və böyük müvəffəqiyyətlər qazanırlar.

“Bizim prinsipal mövqeyimizin əsas  mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan ordusudur, Azərbaycan əsgəridir. Azərbaycanın güclü ordusu var. Bizim gücümüz, bizim birliyimizdədir”. Ali Baş Komandan İlham Əliyev ön xətdə xidmət edən əsgər zabitlərimizlə hər dəfə görüşərkən böyük inam və ruh yüksəkliyi ilə söylədiyi bu fikirlərlə hərbiçilərimizdə vətənpərvərlik hissini daha da artırır, onları mərd, qorxmaz, cəsur döyüşçü olmağa səsləyir.

Aprel döyüşləri bütün dünyaya bəyan etdi ki, Azərbaycan dövləti qüdrətli olduğu qədər güclü ordu quruculuğuna, hərbi texnika silah-sursatlara malikdir.

Sevindirici haldır ki, artıq Azərbaycanın hərbi sənaye kompleksi də formalaşmış və dövlətimiz Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir.

Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur və bu hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.  Bu isə cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və iqtisadi qüdrətinin göstəricisidir.

Prezident İlham Əliyevin silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması, ölkə ictimaiyyəti tərəfindən də razılıqla qarşılanır.

Son olaraq onu demək istərdim ki, Vətənini sevən, Azərbaycan dövlətinə sadiq olan  onun rəhbəri  prezident İlham Əliyev cənablarına sonsuz məhəbbət bəsləyən, yürütdüyü siyasəti dəstəkləyən müstəqil Azərbaycanın gənclərindən biri kimi tam əminəm ki,  Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi və Milli Ordumuzun fədakar hərbiçiləri tərəfindən işğal edilmiş torpaqlarımız mütləq geri alınacaq və şəhidlərimizin qanı yerdə qalmayacaq.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Biz işğal edilmiş torpaqlarımıza qayıdacağıq. Bu bizim əsas vəzifəmizdir. Necə ki işğal edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır və işğal altında bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaqdır. Çünki Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu var”.

                                    

Fəridə Ağazadə

“Astara” qəzetinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: