Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti müsabiqə elan edir.
Akademiyadan NUHÇIXAN-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin mükafatı elmi biliklərin populyarlaşdırılması, elmi nailiyyətlərin, görkəmli Azərbaycan alimlərinin elmə verdiyi töhfələrin, habelə, yeni elmi istiqamətlərin təbliğ edilməsi, akademiyanın fəaliyyətinin geniş işıqlandırılması, gənclərdə elmi fəaliyyətə marağın oyadılması məqsədilə AMEA prezidenti tərəfindən 10 iyul 2017-ci il tarixində imzalanmış sərəncama əsasən təsis edilib.
Mükafata iddiaçılar AMEA-nın həqiqi və müxbir üzvləri, habelə akademiyanın elmi müəssisə və təşkilatlarının elmi şuraları tərəfindən irəli sürülür.
AMEA Rəyasət Heyətinin mükafatına layiq görülən şəxslərə müvafiq diplom və 3 min manat məbləğində pul mükafatı verilir. Mükafata kollektiv layiq görüldükdə, diplom müəlliflərin hər birinə verilir, pul mükafatı isə müəlliflər arasında bərabər bölünür.
Müsabiqənin nəticələri 27 Mart – Elm Günü ərəfəsində elan olunacaq.