Oktyabrın 24-də AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının birgə iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
NUHÇIXAN xəbər verir ki, iclasda AMEA-nın adlı mükafatları üzrə qaydalara dəyişiklik edilməsi məsələsinə baxılıb. Akademik Akif Əlizadə bildirib ki, AMEA-nın adlı mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 2014-cü ildə təsis olunub. Ötən müddət ərzində hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.
Rəyasət Heyəti adlı mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə müsabiqənin iki ildən bir elan edilməsini qərara alıb. Qərarda AMEA-nın adlı mükafatlarının fəxri medallarla əvəz edilməsi üçün müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması da əksini tapıb.