AMEA Naxçıvan Bölməsində ədəbi nümunələr müzakirə edilib
NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Cek Londonun “Həyat eşqi” hekayəsinin və Ernest Heminqueyin “Qoca və Dəniz” povestinin müzakirəsi olub.
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva görkəmli yazıçıların həyat və yaradıcılığı, həmçinin “Həyat eşqi” və “Qoca və Dəniz” əsərləri haqqında ümumi məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının ən çox tanınan klassik nümayəndələrindən olan bu məşhur amerikalı yazıçılarının əsərlərində baş qəhrəmanların yaşamaq üçün həyatla və təbiətlə apardığı mübarizədə necə qalib gəlməsindən danışılır.
Daha sonra müzakirə iştirakçıları əsər haqqında öz fikir və düşüncələrini bildiriblər. Vurğulanıb ki, əsərlərdə insanın bütün canlılardan yüksəkdə duran şüurlu varlıq olması, insan cəsarətinin, əzmkarlığının hər şeyə qadir olduğu ön plana çəkilir.
Qeyd edək ki, hər iki əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitabların siyahısına daxil edilib.
Mədinə Rəhimli