Almaniya kansleri: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərimizi davam etdirəcəyik
Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə Bakıda keçirilən birgə mətbuat konfransında söyləyib.
Almaniya kansleri deyib: “Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir”.
Angela Merkel azərbaycanlı jurnalistin sualına cavabında isə Dağlıq Qarabağ münaqişəsinin həll yolunun axtarılması üzərində işlənildiyini bildirib: “Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq”.