Alimlər az yeməyin faydalarını aydınlaşdırıblar

236

Azkalorili qidalanma bağırsaq mikroflorasının tərkibində spesifik dəyişikliklərlə əlaqəlidir. Professor Mirko Traykovskinin rəhbərliyi altında Cenevrə Universiteti alimlərinin bu sahədə apardıqları tədqiqatın nəticələri “Cell Metabolism” jurnalında dərc olunub.

NUHÇIXAN “Zdorovye Mail.ru” saytına istinadla xəbər verir ki, laboratoriya siçanları üzərində aparılmış əvvəlki eksperimentlər qida kalorisinin 40 faiz azalmasının heyvanların daha sağlam və qamətli qalmasına, habelə çox yeyən yaşıdlarına nisbətən uzunömürlü olmasına gətirib çıxardığını göstərib. Yeni tədqiqat zamanı Traykovski və həmkarları azkalorili qidalanmanın müsbət effektini izah etməyə çalışıblar. Bunun üçün siçanları bir ay pəhriz rejiminə keçiriblər. Bu müddətin sonunda heyvanlarda qəhvəyi piy adlanan, ilk növbədə enerji hasilatı nəticəsində əriyən və çəkinin azalması ilə birbaşa əlaqəli olan (qonur piy toxumaları tipinə bənzəməyən) piy toxuması tipinin artması müşahidə olunub. Siçanlar arıqlayıb və onların orqanizmi insulinə daha yaxşı reaksiya verib. Yeməkdən sonra qanda şəkərin səviyyəsi sürətlə azalmağa başlayıb ki, bu da diabetin inkişafı riskinin azalması deməkdir. Aclıq çəkən siçanlarda qaraciyərin fəaliyyəti yaxşılaşıb və onların bədəni soyuğa daha davamlı olub.

Daha sonra bağırsağında mikrob olmayan siçanlara (onlar steril şəraitdə saxlanılıb) “azkalorili” qrupdan olan siçanların bakteriyalarını köçürüblər. Nəticədə, normal qidalanan “steril” siçanlarda da qəhvəyi piy toxumaları artıb və onlar arıqlayıblar.

Ac qalan siçanların bağırsağındakı mikrofloranın analizi göstərib ki, həzm traktında olan bakteriyalar az miqdarda toksik molekul-lipopolisaxaridlər hasil edirlər. Qanın tərkibində bu molekulları normal səviyyəyə qaldırdıqda isə azkalorili pəhrizin müsbət nəticələri yox olur.

Traykovski və həmkarları bu prosesin bioloji mexanizmini açıqlayıblar. Məsələ burasındadır ki, bakterial lipopolisaxarid molekulları “TLR4” qəbuledicilərinin spesifik siqnallarını fəallaşdırmaqla orqanizmdə immun cavab reaksiyası yaradırlar. İmmun sistemi infeksiyalarla mübarizə ilə yanaşı, maddələr mübadiləsini də tənzimlədiyindən, onun anomal fəaliyyəti mübadilənin pozulmasına səbəb olur.

Hazırda alimlər azkalorili pəhriz zamanı yaranan şərtləri orqanizmdə imitasiya edən iki maddəni siçanlar üzərində sınaqdan keçirirlər. Bu birləşmələrdən biri bakterial lipopolisaxaridləri birbaşa azaldır, digəri isə toksik molekullardan siqnal alan “TLR4” immun qəbuledicilərinin qarşısını alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: