Aktyor ya rejissor…

Xalq artisti Kamran Quliyevin 60 yaşı tamam olur

309

1970-80-ci illərin teatrsevərələri üçün xalq artisti İbrahim Həmzəyev  adı nə deyirdisə, 1990-2000-ci illərin sənətsevərləri üçün də xalq artisti Kamran Quliyev adı da  o deməkdir. Çünki bu sənətkarların hər ikisi də rejissorluğa aktyor kimi başlayıb.

Xalq artisti Kamran Quliyevin bu gün – sentyabrın 9 da 60 yaşı tamam olur. Onu uzun illərdir ki(1992-ci ildən) tanıyan biri kimi deyə bilərəm ki, Kamran müəllim hələ də teatr sənətinə elə gənclik illərinin sevgisi ilə yanaşır. 1958-ci ildə Babək rayonun Zeynəddin kəndində doğulan Kamran Quliyev yeniyetməlikdən taleyini teatra bağlayıb. Əvvəlcə Naxçıvan şəhərindəki Xalq teatrında, sonra isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında çalışıb. Maraqlıdır ki, o ilk işini teatrda səhnə fəhləsi kimi başlayaraq bu qədim mədəniyyət ocağının direktoru vəzifəsinə qədər yüksələ bilib. Təbii ki, şəxsi keyfiyyətlərinin, istedadının və ən əsası  sənətə vurğunluğunu sayəsində. Mən Kamran müəllimin oynadığı rollara baxanda orda Topal Teymur, Pompey, Qızıl Arslanla rastlaşdım. Bu rolların siyahısına nəzər salanda isə  onların 80-i ötdüyünü gördüm. Bu isə bu sayda insan taleyi, insan düşüncəsi və həyatının səhnədə inikası deməkdir. Bu aktyor üçün bu sayda başqalaşma, özünü başqasının yerinə qoyma, onun hissləri, düşüncələri ilə yaşamaqla bədii təxəyyül məhsulu olan obrazı səhnədə canlandırmaq deməkdir. Onu tamaşaçıya sevdirmək, olduğu kimi çatdırmaq, ən incə nüanslara qədər qəhrəmanın daxili açmaqdır.  Qəliz oldu deyilmi? Əslində əsl istedadlı aktyor və teatr sənətinin mahiyyəti bu deməkdir. Rolları necə oynayıb? Bu sualın ən layiqli cavabı Kamran Quliyevə Ümummilli liderimizin imzası ilə hələ 41 yaşında, 1999-cu ildə  verilən  Xalq artisti fəxri adıdır. Qazandığı tamaşaçı rəğbəti, dövlətimiz tərəfindən müxtəlif vaxtlarda təqdim olunan  Prezident mükafatı, “Tərəqqi” medalıdır. Kamran Quliyev aktyor kimi özünü Naxçıvan teatrının səhnəsində hələ 1980-ci illərdə sübut etmişdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində oxuduğum illərdə təsadüfən Kamran Quliyevə də sənətdən dərs deyən professor  Bayram Hacıyevin tələbəsi oldum. Kamranı  bir tələbə, bir insan, biz aktyor kimi həmişə qrupumuza misal çəkirdi. Sonra Naxçıvan Dövlət Kukla teatrında onunla birlikdə işlədik. Kollektiv çox gənc olmasına baxmayaraq hamı onu öz həmyaşıdı kimi sevir və hörmətini saxlayırdı. Çünki Kamran müəllim sənəti ilə gəncləri həvəsləndirir, onlara bəzi məqamda şəxsi nümunə olurdu.

1996-cı ildə məni Kukla teatrından Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrına da gətirən  Kamran Quliyev oldu. Burda isə artıq o rejissor kimi fəaliyyətə başlamışdı. Kamran Quliyevi çoxları bir qədər qaba və tündxasiyyət hesab edir. Amma bu sənətə münasibətə  kobudluq və  naşılıq edənlərə qarşı o belədir. O bu məqamda  kəskin danışan və məsələ ilə bağlı  konkret cavab verən bir adama dönür.   Xasiyyətcə  və zahirən çox ciddi adam təəssüratı bağışlayan bu insanın daxilində çox böyük bir satira və yumor hissi var. Bunu o zaman Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının səhnəsində rejissor kimi hazırladığı “Məşədi İbad”, “Arzum çin oldu”, “Kələkbaz qızlar”, “Qurbanəli bəy ” kimi uğurlu komediyaları ilə sübut elədi. Geniş auditoriya rəğbəti qazanan Bu tamaşalardan sonra artıq Naxçıvan teatrında uzun illər idi ki, yaranan peşəkar rejissor məsələsi həll edilmişdi. Teatra onu yaxşı bilən və ən əsası aktyorları yaxşı tanıyan rejissor gəlmişdi. Etiraf edək ki, bu gün sənətdə öz sözünü deyən orta nəsil aktyorların əksəriyyəti Kamran Quliyev rejissorluğun yetirmələridir. Naxçıvan teatrının 1990-cı illərin sonu və 2000-ci illərdə yaranan  şah əsərlərindən sayılan “Topal Teymur”,  “Atabəylər”,  “Pompeyin Qafqaza yürüşü”, “Dəli yığıncağı”, “İblis”, “Fərhad və Şirin”, “Dirilən adam”, Türkiyədə tamaşaçılara təqdim edilən “Atillanın atlıları” və digər tamaşaların uğurunda   məhz rejissor kimi Kamran müəllimin də zəhməti var. Yorulmadan işlədiyi ən çətin tamaşaları iki-üç aya uğrula ərsəyə gətirən Kamran Quliyev teatrda təkcə aktyor yetişməsində zəhmət çəkməyib. Hətta bu gün teatrda tamaşa qoyan rejissorlar da onun məktəbini keçib. Çünki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının Baş rejissoru kimi bir zamanlar qoyulan tamaşaların necə deyələr “əyər-əskiyi” məhz onun məsləhətləri ilə  aradan  qaldırılıb. Kamran müəllimin əsərə üzərində rejissor kimi işi əsl “ikinci müəllif” prinsipi ilə görülür. Onun əsərdə apardığı redaktələr, hadisələrin mahiyyətini açmaq üçün etdiyi əlavələr müəlliflər tərəfindən birmənalı şəkildə razılıqla qarşılanır. Bu isə Naxçıvan teatrında bir zamanlar yaranmış  Baxşı Qələndərli, İbrahim Həmzəyev, Vəli Babayev kimi klassik rejissor məktəbinin  davamıdır. Məhz bu prinsiplərin nəticəsidir ki, Naxçıvanlı rejissor kimi Sumqayıt və Lənkəran teatrlarına dəvət alaraq Kamran müəllim orada da rejissor kimi uğurlu tamaşalar hazırlayıb.

 Bu gün Xalq artisti Kamran Quliyev Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində çalışır. Yenə də onu tez-tez geniş və kütləvi tədbirlərdə görür, istər teatr, istərsə də  xalq teatrlarının hazırladığı tamaşalar, kompozisiyalara baxır, düzəliş verir, yaxşı işləri tərifləyir. Bir sözlə, özünün dediyi kimi,: “Başım işə elə qarışdı ki, 60 yaşın nə vaxt gəldiyini bilmədim”.

P.S. Yazı ərəfəsində isə zəng edib Kamran müəllimdən yalnız bir sual soruşdum:

 -Kamran Quliyev aktyordur ya rejissor?

  Cavab da  konkret oldu- Aktyor.

                                                                     Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: