Akademik İzzət Orucovanın anadan olmasından 109 il ötür

186

Sentyabrın 16-sı neft kimyası sahəsində tanınmış alim, aşqarlar kimyası və texnologiyasının əsasını qoyan və inkişaf etdirənlərdən biri, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik İzzət Orucovanın anadan olmasının 109-cu ildönümü tamam olur.

1909-cu ildə Bakıda dünyaya göz açan İzzət xanımın fəaliyyəti öncə incəsənətlə bağlı olub. Böyük dramaturqumuz Cəfər Cabbarlının pyesləri əsasında çəkilmiş filmlərdə o, yaddaqalan obrazlar – Sevil və Almaz surətlərini məharətlə yaradıb.

İ.Orucova 20 yaşında olanda onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni belə xatırlayır:

– “Sevil” filmi istehsalata buraxılanda Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, “Təyyarə” kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları onun filmdə çəkilməsinə heç cür razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Cəfər Cabbarlı çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bu şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi”.

Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları – Ağarza Quliyev və Qriqori Braginski davam etdiriblər. Cəfər Cabbarlının ölümünün bir illiyində film ekranlara çıxıb.

İ.Orucova 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Elmi-Tədqiqat Neft Emalı İnstitutunda laborant vəzifəsində işə başlayıb və ömrünün sonrakı hissəsini neft kimyası elminə həsr edib. İlk günlərdən yüksək keyfiyyətli sürtkü yağlarının işlənib hazırlanması məsələləri ilə məşğul olan İ.Orucova Azərbaycanda geniş təşəkkülünü tapmış yeni və böyük əhəmiyyətli elmi istiqamətlərdən olan aşqarlar kimyasının əsasını qoyanlardan biri olub.

Böyük Vətən müharibəsi illərində İ.Orucova elmi axtarışlarını müvəqqəti olaraq dayandırıb və cəbhə sifarişlərinin yerinə yetirilməsi üçün çalışıb. Müharibə başa çatdıqdan sonra İ.Orucova elmi-tədqiqat işlərini daha da genişləndirib. Problemin nəzəri cəhətini dərin bilməsi, böyük iş qabiliyyəti, ən mürəkkəb təcrübələri dəqiq aparmaq bacarığı ona sevimli fəaliyyət sahəsində diqqətəlayiq uğurlar qazandırıb. Görkəmli alimin elmi fəaliyyətinin digər istiqaməti Bakı neftinin tədqiqi olub. İ.Orucova 1962-ci ildə “Bakı xammalından aşağı temperaturlarda donan yağların alınması texnologiyasının işlənib hazırlanması və aşqarların köməyi ilə onların keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda dissertasiyanın uğurlu müdafiəsinə görə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Ona professor elmi adı verilib. Daha iki il ötüb və o, Azərbaycanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görülüb.

Elmi-Tədqiqat Neft Emalı İnstitutu sonrakı illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Neft-Kimya Prosesləri İnstitutuna çevrilib. Bu institutun aşqarlar sahəsində elmi işlər aparan laboratoriyaları əsasında isə 1965-ci ildə Aşqarlar Kimyası İnstitutu (AKİ) yaradılıb. Xatırladaq ki, institut keçmiş SSRİ-də belə profilli yeganə elmi-tədqiqat institutu olub. İ.Orucova da həmin institutda tədqiqatlarını davam etdirib. Professor uzun illər aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələrə nail olub.

SSRİ-də neft texnologiyası ixtisası üzrə ilk qadın elmlər doktoru alimlik dərəcəsi almış İ.Orucovanın bir sıra aşqarların fasiləsiz istehsalı texnologiyalarının hazırlanması sahəsindəki axtarışlarının nəticələri yüksək olub. Böyük sənaye əhəmiyyətinə malik bu işlər Azərbaycanda Sumqayıt şəhərindəki aşqarlar zavodunda tətbiq edilib.

Görkəmli alimin sanballı elmi uğurlarına verilən digər yüksək qiymət isə onun 1972-ci ildə Elmlər Akademiyasına həqiqi üzv seçilməsi olub.

Adi laborantlıqdan akademikliyədək yüksəlmiş İ.Orucova həm də bacarıqlı elm təşkilatçısı kimi tanınıb. O, uzun illər ərzində laboratoriyalara rəhbərlik edib, 1967-1971-ci illərdə isə Azərbaycan EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnstitutunun direktoru vəzifəsində işləyib.

İ.Orucova yüksək səviyyəli gənc kimyaçı alimlər hazırlanması probleminə də xüsusi əhəmiyyət verib. Onun elmi rəhbərliyi altında yetişmiş onlarla milli kadrımız hazırda ölkəmizin müxtəlif elm və tədris ocaqlarında səylə çalışır, bəziləri isə xarici ölkələrdə işləyirlər.

Akademik İ.Orucova Sovet İttifaqının müxtəlif respublikalarında, habelə inkişaf etmiş xarici ölkələrdə – Kanada, Portuqaliya, Macarıstan və Almaniyada keçirilmiş sürtkü yağları və aşqarlara dair tədbirlərdə elmimizi yüksək səviyyədə təmsil edib.

Alim bir sıra ictimai işlərdə də çalışıb. O, Azərbaycan-ADR Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Bakı Şəhər Sovetinin deputatı və Qadınlar Şurasının sədri, Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyası Heyətinin üzvü olub.

Akademik İ.Orucova 1983-cü il aprelin 21-də Bakı şəhərində vəfat edib. Sağlığında ən yüksək mükafatlar – orden və medallarla təltif olunub, ölümündən sonra adı əbədiləşdirilib. Alimin doğulub-böyüdüyü və böyük uğurlar qazandığı doğma Bakı şəhərinin küçələrindən birinə onun adı verilib. Görkəmli alim unudulmaz xatirəsi daim qəlblərdə yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: