Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda türkoloq Seyfəddin Altaylının “Azərbaycan türkcəsi sözlüyü” adlı üçcildlik müqayisəli lüğətinin təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb. Bildirilib ki, Seyfəddin Altaylı müəllifi olduğu lüğətlə təkbaşına böyük bir institutun işini görüb. Türkiyə vətəndaşı olan Seyfəddin Altaylı bu işi ilə Azərbaycan elminə çox sanballı töhfə verib. Kitabın ərsəyə gəlməsi Azərbaycan və Türkiyə üçün böyük bir dil bayramıdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri olduğunu deyib.
Lüğətin nəşrini əlamətdar hadisə kimi dəyərləndirən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əsərin özəlliklərindən danışıb.
Tədbirdə digər çıxış edənlər də belə bir sanballı kitaba görə müəllifə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Seyfəddin Altaylı 80 mindən çox sözü əhatə edən bu lüğət üzərində 30 il çalışıb.