Akademik İsa Həbibbəyli: AMEA “fizika, yoxsa lirika” mübahisəsini elmi inteqrasiya müstəvisində təqdim edir

138

“Fizika, yoxsa lirika” mübahisəsi XX əsrin ortalarında Rusiya mətbuatında aparılan diskussiyaların mövzusu olub. İlk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fiziklər və liriklər arasında problemi qarşıdurma kimi deyil, elmi inteqrasiya müstəvisində təqdim edir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Moskva vilayətinin Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) keçirilən “Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli söyləyib.

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycanın qaldırdığı bu mövzuda müzakirələrdə Rusiya, Monqolustan, Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstan alimləri yaxından iştirak edirlər.

Akademik deyib: “Hamının gəldiyi ümumi nəticə bundan ibarətdir ki, dəqiq elmlərin inkişafı üçün ədəbiyyata, bədii yaradıcılığa məxsus fantaziyanın, tərənnümün, həyat eşqinin çox böyük əhəmiyyəti var. Konfrans iştirakçıları bu fikri də təsdiq edirlər ki, dəqiq elmlərin inkişafında ədəbiyyatın böyük rolu var. Ədəbiyyatda məsələlərə sistemli yanaşma, kainatın, cəmiyyətin, insanın mahiyyətini açmaq üçün yazıçıya istedadla yanaşı, elm də lazımdır. Burada böyük şairimiz Məhəmməd Füzulinin “Elmsiz şeir əsası yox divar kimidir” misralarını xatırlamaq yerinə düşər”.

İ.Həbibbəylinin fikrincə, konfransın əhəmiyyəti ondan ibarətdir ki, alimlər dəqiq elmlərin inkişafında ədəbiyyatın rolunu, bədii yaradıcılığın inkişafında isə dəqiq elmlərin əhəmiyyətini əsaslandırılmış şəkildə təqdim edirlər. O vurğulayıb ki, konfrans Azərbaycan alimlərinin digər ölkələrdən olan həmkarları ilə elmi əlaqələrinin genişlənməsində körpü rolunu oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: