Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub

205

Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Kondensə olunmuş hal fizikasının müasir tendensiyası (MT CMP 2018)” mövzusunda beynəlxalq konfrans keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunub.

Konfransda Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov tədbirin Prezident İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib.

N.Məmmədov alimin uzun illər Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti və Fizika İnstitutunun direktoru kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verdiyini, ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olduğunu vurğulayıb.

“Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edən Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov bildirib ki, Həsən Abdullayev 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib, 1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə isə professor elmi adını alıb. O, 1955-ci ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib. 1957-1993-cü ilədək Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək AEA-nın prezidenti vəzifələrində çalışıb.

C.Abdinov alimin Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların geniş sürətdə müasir həyata tətbiqində əvəzsiz rol oynadığını deyib. O, Həsən Abdullayev tərəfindən ilk dəfə selen düzləndiricilərində bağlayıcı təbəqənin əmələ gəlməsinin, elektroformovka və onun pozulması prosesinin fiziki təbiətinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. “Akademikin rəhbərliyi ilə laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron, fonon spektri, bu spektrlərlə kristal quruluşu arasında əlaqə müəyyənləşdirilib. Bundan əlavə, bərk cisim fizikasında yeni obyekt olan elektron-deşik mayesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkarlanıb”, – deyə C.Abdinov vurğulayıb.

H.Abdullayevin 13 monoqrafiya və 500-dən artıq elmi məqalənin, eləcə də 40-dan çox ixtiranın müəllifi olduğunu deyən C.Abdinov alimin rəhbərliyi altında 100 fəlsəfə və 20 elmlər doktorunun hazırlandığını söyləyib. Bildirilib ki, akademikin fəaliyyəti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib.

Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru Natiq Atakişiyev və Milli Məclisi Aparatı sosial qanunvericilik şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova akademik Həsən Abdullayevin Azərbaycanda nəzəri fizikanın inkişafındakı xidmətlərdən danışıb, eləcə də onunla bağlı xatirələrini bölüşüblər.

Tədbir işini bölmə iclası ilə davam etdirib. İclasda Yaponiyanın Chiba Texnologiya İnstitutunun əməkdaşı Kazuki Vakitanın “CuInS2 və CZTS-nin fotovoltaik səth analizləri” və Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun nümayəndəsi Aleksandr Levçenkonun “Klassik və kvant mayenin səthində dalğa və vorteks hərəkətləri” mövzularında məruzələri dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: